Müasir şəhərlərin dayanıqlı inkişafında ictimai nəqliyyat sisteminin rolu getdikcə artır. Əhalinin çoxalması, şəhərləşmənin sürətlənməsi və avtomobil sıxlığının yüksəlməsi nəqliyyat siyasətində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan yalnız nəqliyyat vasitələrinin yenilənməsi deyil, həm də gediş haqlarının ödənilməsi mexanizmlərinin müasirləşdirilməsi vacib məsələlərdən biridir.
Azərbaycanda son illərdə elektron ödəniş sistemlərinin tətbiqi istiqamətində mühüm addımlar atılmış, BakıKart sistemi vasitəsilə metro və avtobuslarda vahid ödəniş infrastrukturu formalaşdırılmışdır. Bununla belə, dünyanın bir çox inkişaf etmiş şəhərlərində tətbiq olunan aylıq, həftəlik və illik abunə kartları, məsafəyə əsaslanan tarif sistemi və bəzi hallarda ödənişsiz ictimai nəqliyyat modelləri ölkəmizdə hələ tətbiq olunmur.
Hazırda Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər əsasən hər səfər üçün ayrıca ödəniş edirlər. Metro və şəhərdaxili avtobuslarda tətbiq olunan vahid tarif sərnişinin qət etdiyi məsafədən asılı olmayaraq eyni məbləğin ödənilməsini nəzərdə tutur.
Bu sistem sadə və idarəolunan olsa da, müəyyən ədalətlilik problemləri yaradır. Məsələn, bir sərnişin cəmi 1 kilometr məsafə qət etdikdə də, digər sərnişin 10 və ya daha çox kilometr yol getdikdə də eyni məbləğ ödəyir. Nəticədə qısa məsafələr üzrə hərəkət edən sərnişinlər faktiki olaraq uzun məsafə qət edənlərin xərclərinin bir hissəsini subsidiya etmiş olurlar.
Bir çox Avropa və Asiya şəhərlərində isə gediş haqqı zonalar və ya məsafə prinsipi əsasında hesablanır. Bu yanaşma daha ədalətli hesab edilir və sərnişinin istifadə etdiyi xidmət həcmi ilə ödədiyi məbləğ arasında daha düzgün əlaqə yaradır.
Dünyanın əksər iri şəhərlərində ictimai nəqliyyatın əsas ödəniş mexanizmlərindən biri həftəlik, aylıq və illik abunə kartlarıdır. Bu sistem sərnişinlərə müəyyən müddət ərzində limitsiz və ya güzəştli sayda səfər etmək imkanı verir.
Azərbaycanın mövcud BakıKart infrastrukturu belə bir sistemin tətbiqi üçün texniki baxımdan hazır hesab edilə bilər. Elektron ödəniş platformasının mövcudluğu tarif siyasətinin yenilənməsini nisbətən asanlaşdırır.
Abunə sisteminin əsas üstünlükləri aşağıdakılardır:– Sərnişinlərin nəqliyyat xərclərinin azalması;
– İctimai nəqliyyatdan istifadənin artması;
– Nəqliyyat operatorlarının gəlirlərinin əvvəlcədən formalaşması;
– Şəxsi avtomobillərdən istifadənin azalması;
– Şəhər mərkəzlərində tıxacların və ekoloji yükün aşağı düşməsi.
Məsələn, gündə iki dəfə ictimai nəqliyyatdan istifadə edən vətəndaş ay ərzində təxminən 60 səfər edir. Mövcud tariflə bu, təxminən 30 manat xərc deməkdir. Əgər aylıq abunə kartı 25 manat səviyyəsində müəyyən edilərsə, həm sərnişin qənaət etmiş olar, həm də operator əvvəlcədən sabit gəlir əldə edər.//nocommet.az
DOĞRU.AZ

























