Elm və Təhsil Nazirliyi müəllimlər üçün yeni mobil tətbiq hazırlayıb.
Doğru.az xəbər verir ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində təqdim olunan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksiyalarını genişləndirir və istifadəçilərə mobil telefon vasitəsilə rahat və operativ çıxış imkanı yaradır.
Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin qeydiyyatı, akademik nəticələrin izlənməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etməyə imkan verir. Hazırlanma zamanı təhlükəsizlik və məlumatların qorunması prioritet təşkil edib.
Hazırda tətbiq Bakı şəhərində “Rəqəmsal məktəb” layihəsində iştirak edən ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqdən mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində istifadəyə başlanması planlaşdırılır. Bu isə təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına töhfə verəcək.
“Müəllim” tətbiqi həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb və istifadəçilər müvafiq platformalarda tətbiqi adı ilə axtarış edərək yükləyə bilərlər.
DOĞRU.AZ




























