image-2000x150px
image-123
image-ads_atlas
image-17183805524013953087_1200x630backend

Nazir Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK EDİB

image-728x90px

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək, demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti şəraitinin daha da yaxşılaşdırılması, sosial infrastrukturun gücləndirilməsi istiqamətində orduda genişmiqyaslı islahatlar aparılır.

Respublikamızın müdafiə qüdrətinin artırılmasında qazanılan böyük nailiyyətlər, düşmən təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanı adlandırdığı meydanda Novruz tonqalını alovlandırmaqla, Xalq, Ordu, Dövlət birliyinin təcəssümünü və Böyük Qələbəsini təsdiqlədi. Bu gün işğaldan azad olunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə Böyük Qayıdışa layiqli töhfələrini verir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.

Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla anır, valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Bu bayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki