Qax Dövlət Kukla Teatrında 2025-ci ilin repertuarına daxil edilən “Pinokkionun qeyri-adi sərgüzəştləri” tamaşasının məşqləri tamamlanıb və dekabrın 11-də ictimai baxış keçirilib.
Doğru.az xəbər verir ki, italyan yazıçısı Karlo Kollodinin məşhur “Pinokkionun sərgüzəştləri” əsərinin motivləri əsasında Çingiz Ələsgərlinin qələmə aldığı tamaşa dövlət sifarişi ilə hazırlanıb. Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir.
Tamaşada Pinokkio obrazını Aynurə Abbasova, usta Çepettanı Azər Kərimov ifa ediblər. Canlı aktyor oyunu, kukla teatrı və kölgə teatrının sintezindən ibarət səhnə əsərində, həmçinin Araz Mehrablı, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Məlahət Məmmədova, Elnurə Əliyeva, Fidan Mahmudzadə, Elnarə Razıyeva və digər aktyorlar da rol alıblar.
Tamaşanın sonunda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova və digər qonaqlar çıxış edərək kollektivə yeni yaradıcılıq uğurları arzulayıblar.
DOĞRU.AZ




























