Qazax Dövlət Dram Teatrında Mirzə Cəlilin “Ölülər” pyesinin motivləri əsasında müsibət janrında hazırlanmış “Tfu” adlı yeni tamaşanın premyerası baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, premyera qazaxlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Rejissor Abdullanın dekonstruksiya edib Qazax Dövlət Dram Teatrının aktyoru Ceyhun Vəlizadə ilə birlikdə quruluş verdiyi səhnə əsəri Azərbaycan teatrının klassiklərdən hesab edilən “Ölülər”ə yenidən baxışdır.
Tamaşanın quruluşçu rəssamı Aysan Omarova, icraçı rəssam və butaforu Samir Həsənov, musiqi tərtibatçısı isə Şəms Kazımzadədir.
Rolları Əməkdar artistlər Xəzər Gəncəli və Hacı Hacıyev, aktyorlar Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Zəmanə Dərviş, Xaqan Qurbanov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Kamil Məmmədov və Səbinə Yusifova ifa ediblər.
Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət Mərkəzinin rəisi Səbuhi Xasməmmədov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, Sumqayıt Dövlət Dram Teatrının rejissoru Fuad Cavadzadə qonaq qismində tamaşada iştirak edib, yaradıcı heyəti təbrik edərək uğurlar arzulayıblar.
DOĞRU.AZ