“İCOMOS Azərbaycan” İctimai Birliyi tərəfindən Qərbi Azərbaycanın epiqrafik abidələrini bir bazada birləşdirən portal yaradılıb. “Epiqrafika.az” ünvanlı bu saytda 40-a yaxın məkandan yerləşən 100-ə yaxın abidə haqqında məlumat, onların fotoları, zəruri hallarda isə abidə üzərində yazıların tərcümələri verilib.
“İCOMOS Azərbaycan”dan Doğru.Az – a verilən məlumata görə, portal Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qərbi Azərbaycan epiqrafik abidələrinin vahid elektron bazasının yaradılması və onun interaktiv internet resursuna köçürdülməsi” layihəsi çərçivəsində yaradılıb. Layihə rəhbəri Elşən Mustafayev Şəkidə keçirilən təqdimat mərasimində qeyd edib ki, bazanın yaradılması üçün Qərbi Azərbaycan ərazisindəki epiqrafik abidələr barədə məlumatlar əldə edilib, yenidən qeydə alınıb və sənədləşdirilib. Təşkilatın ekspertləri elmi ədəbiyyat, arxiv materialları və fərqli mənbələr əsasında Qərbi Azərbaycanda yerləşən epiqrafik abidələr haqqında pasport məlumatlarını, onların yerləşmə lokasiyalarını və digər məlumatları toplayıblar. Sonradan bu abidələrin GoogleEarth platformasında geolokalizasiyaları müəyyən edilib və koordinatları müvafiq platformaya köçürülüb. Sonradan bütün məlumatlar vahid interaktiv informasiya bazasında, xüsusi bir internet saytında elektron xəritədə yenidən toplanılıb.
Materialların yerləşdirilməsi məqsədilə epiqrafika.az ünvanlı internet resursu yaradılıb. Burada interaktiv xəritə üzərində abidələrin yerləri qeyd olunub və buraya 40-a yaxın məkanın PİN-ləri qoyulub. Həmin Pin-lər vasitəsilə hər bir abidə haqqında ətraflı məlumat almaq, fotolarını izləmək mümkündür. Hər bir abidə haqqında maksimum ətraflı məlumat verilib. Abidələr üzərindəki qədim yazıların tərcümələri də qeyd edilib.
Saytın interfeysi çox rahat və anlaşılandır, yerləşdirilən materiallar rahat şəkildə hər bir istifadəçi üçün əlçatandır. İnternet resursu asanlıqla mütəxəssislər tərəfindən yenilənə biləndir.
Qeyd edək ki, saytın təqdimatında mədəni irs mütəxəssisləri, UNESCO dünya irs ərazisi olan “Yuxarı baş” Milli Tarix-Memarlıq qoruğunun əməkdaşları və regional qurumların əməkdaşları iştirak ediblər.