Ermənilər Azərbaycan xalqına qarşı uzun müddət ərzində ən ağır beynəlxalq cinayətləri törədiblər. Qərbi Azərbaycana qayıdışın ən mühüm komponentlərindən biri bu cür cinayətlərin beynəlxalq müstəvidə tanınmasına nail olmaq məqsədi ilə “Media Araşdırmaları və Monitorinq Mərkəzi” “Manas” Qırğızıstan-Türkiyə Universitetində böyük tədbir keçirdi. Universitet rəhbərliyi və müəllim heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Alpaslan Ceylan Azərbaycanın əldə etdiyi zəfərin sevincini bölüşdüklərini, qardaş türk dövlətlərinin bir-birinə dəstəyini dilə gətirdi.
Tədbirdə iştirak edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov yurdu olmayan ermənilərin yurd iddalarından əziyyət çəkən azərbaycanlıların dəfələrlə deportasiyaya məruz qalmalarından danışdı. İllərlə davam edən işğalçılıq siyasətindən, ermənilərin təcavüzündən əziyyət çəkən insanlarımızın öz dədə-baba torpaqlarından necə qovulmasından, deportasiyaya məruz qalmasından geniş danışan səfir, bu gün Azərbaycanın Qərbi Azərbaycana qayıdış siyasətinin mahiyyətini, tarixi ədalətin bərpasının vacibliyini qeyd edib.
Media Araşdırmaları və Monitorinq mərkəzinin rəhbəri Zaur Qəriboğlu tədbir iştirakçılarına zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən söz açıb, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salınmaqlarını tarixi faktlara əsaslanaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bildirib ki, ölkə başçısı İlham Əliyevin də dediyi kimi, biz öz evimizə, öz yurdumuza, silah-sursatla, top- tüfənglə deyil, maşınla qayıdacağıq. Biz sülhün, əmin-amanlığın tərəfdarıyıq.
Sonda Zaur Qəriboğu tədbirin təşkilində göstərdikləri dəstəyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, plaketlər təqdim edib.
Qeyd edək ki, Qərbi Azərbaycana qayıdış, tarixi ədalətin bərpası Türk dünyası müstəvisində” adlı layihənin icrası çərçivəsində Qırğızıstan Parlamentinin deputatı Ulukbek Ormonov, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Altınbek Maksudov, nazir müavini Çingiz Esenqul uulu, diaspora üzvləri və Qırğızıstan QHT nümayəndələri ilə görüşlər keçirilib. İki qardaş ölkə arasında qarşılıqlı əlaqələrin inkişafından danışılıb, gələcəkdə birgə fəaliyyətə dair müzakirələr aparıblar.
DOĞRU.AZ