image-2000x150px
image-1de7c603af77caa591ab4d4d602eeb6cbackend

Qış qapıdadır – qaz, işıq, istilik qaydasında olacaqmı….

image-728x90px

Məsul qurumlar mövsümə necə hazırlaşıb?- açıqlama

Artıq havalar soyuyur və qaza, işığa olan tələbat artır. Həmçinin vətəndaşlar qış mövsümünə keçiddə – noyabrın 15-dən sonra normal istilik ala bilib-bilməyəcəklərinin qayğısına qalırlar. Adətən ötən illərdə “Azəristiliktəchizat” evlərə istiliyi gec verirdi, bunun borcla əlaqəli olduğu bildirilirdi və s. Həmçinin biz şahidi olmuşuq ki, havalar soyuyan kimi ölkədə, xüsusən paytaxtda qazla, işıqla bağlı problemlər yaranır.

Bəs bu il müvafiq qurumlar qışa necə hazırlaşıb? Ehtiyat tədbirləri görülübmü?

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq: “Bu ayın sonuna qədər növbəti payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri yekunlaşdırılacaq. Bu il sentyabrın 30-na qədər istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib, 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub, 732 ədəd qazan aqreqatı, 1 378 ədəd nasos, 8 658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib, 1002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 9,44 km istilik boru xətləri əsaslı təmir olunub, 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib, istilik xətlərində 2 978,4 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub, 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.

Elvin Basqallı da mətbuat katibi təyin edildi

 Elvin Basqallı

Hazırda “Azəristiliktəchizat” balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3 879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə müəssisəsi, 2052 sosial və təsərrüfat obyektini istiliklə təmin edir. O cümlədən şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində 43 qazanxana vasitəsilə 3 775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakini, 75 sosial və digər təsərrüfat obyektini isti su ilə təmin edir. Bunun üçün 1 000 km-dən çox magistral və məhəllədaxili istilik xətti, 1 300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu, texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif mühəndislik qurğuları mövcuddur.

“Azəristiliktəchizat”ın daimi 1200-ə yaxın, istilik mövsüm zamanı isə 2 250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır. Bakıda 22, digər şəhər və rayonlarda isə 46 istilik sistemlərinin istismar sahə idarəsi fəaliyyət göstərir. Azərbaycanda növbəti istilik mövsümündə tariflərin artırılması gündəmdə deyil. Bu məsələ bizim səlahiyyətimizdə deyil və biz bu barədə müraciət də etməmişik”.

E.Basqallı həmçinin qeyd edib ki, 2022-2023-cü il payız-qış mövsümi ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin tabeliyində olan Bakı İstilik Elektrik Mərkəzinin magistral xətlərində təmir işləri aparılıb: “Magistral xəttin İEM-dən çıxan hissəsində – I kompensatrda diametri 720 mm olan 9 metr, II kompensatrda isə eyni diametrdə 1,5 metr istilik xətti və bir ədəd dirsək dəyişdirilib. “Azpetrol” MMC-nin həyətyanı sahəsindən keçən hissədə isə 720 mm diametri olan 60 metr yeni boru və bir ədəd dirsək dəyişdirilib. Müşfiq qəsəbəsində 720 mm-lik təqribən 10 metr boru və bir ədəd dirsək dəyişdirilib. 8 noyabr prospektindən keçən magistral istilik xəttində həyət evinin ərazisindən keçən hissədə 720 mm 27.5 metr boru və bir ədəd dəyişdirilib. O cümlədən kimyəvi təmizləmə sexinin həyətyanı sahəsindən keçən hissədə 27 metrdən uzun boru, Cavanşir küçəsi ilə Ramiz Quliyev küçəsinin kəsişməsində 720 mm-lik 2 ədəd dirsək və 4,5 metr boru, Mənzil Kommunal İstisma Sahəsinin yaxınlığından keçən hissədə isə 11,6 metr boru dəyişdirilib. Bakı İstilik Elektrik Mərkəzi 15 məntəqəyə və bir yüksəldici nasos stansiyana qulluq edir. Mərkəz 197 yaşayış binası, 13 bağça, 6 məktəb, 4 səhiyyə obyekti və 101 digər obyekti, eləcə də büdcə təşkilatı olan 3 obyeki istiliklə təchiz edir.

Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu - İlk AÇIQLAMA

Ruslan Əliyev

“Azəriqaz” İstehsal Birliyinin baş direktoru Ruslan Əliyev bugünlərdə jurnalistlərə açıqlamasında deyib ki,  “Azəristiliktəchizat” ASC Azərbaycan Dövlət Neft Şirkətinə olan debitor borcunun 70 %-ni artıq ödəyib. O qeyd edib ki, son olaraq bu qurumun “Azəriqaz”a borcu 41 milyon manat təşkil edib.

Xatırladaq ki, bugünlərdə “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında keçirilən görüşdə yeni istilik mövzümü ilə bağlı razılıqlar əldə edilib. Həmin görüşdə R.Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.

Mehriban Vəliyeva: Dərslik problemi həll olunub

Mehriban Vəliyeva

Yeri gəlmişkən, bugünlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, Bakı məktəblərinin istilik məsələsinin həll olunması ilə bağlı artıq işlərə başlanılıb. Onun sözlərinə görə, aidiyyəti qurumlarla problemlərin həllinə yönəlik görüş keçirilib: “Hazırda test rejiminə uyğun olaraq məktəblərə qaz verilib. Hesab edirik ki, istiliklə bağlı proses düzgün nizamlanacaq və şagirdlər isti mühitdə təhsillərini davam etdirə biləcəklər”.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, qış fəslinə hazırlıqla bağlı görülən işlər haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-dən başlayır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki