Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönəlmiş kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Doğru.az xəbər verir ki, DTX-nin mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub.
Araşdırmalarla məlum olub ki, Naxçıvan Muxtar Respublikasının sakini olan Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq qarşılığında məxfi əməkdaşlığa cəlb edilib. O, ölkəyə qayıtdıqdan sonra tapşırıqlar əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq əldə etdiyi materialları xarici xüsusi xidmət orqanının nümayəndələrinə ötürüb.
Bundan əlavə, qeyd olunan şəxsin yaşadığı ünvana baxış zamanı “Kalaşnikov” tipli avtomat silahın ayrı-ayrı hissələri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin əldə edilməsi, saxlanılması və daşınması) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.
DOĞRU.AZ




























