Şri-Lankanın Mərkəzi Ətraf Mühit Təşkilatı (CEA) ABŞ-da Şri-Lankaya təhlükəli material daşıyan Sinqapura məxsus Dali konteyner gəmisinin qəzası ilə bağlı araşdırmaya başlayıb.
Daily Mirror xəbər verir ki, bunu ətraf mühit üzrə dövlət naziri Janaka Vakkumbura bildirib.
Onun sözlərinə görə, CEA təhlükəli materialları daşıyan yük gəmisinin Şri-Lankaya getməsindən xəbərsizdir.
“Yük gəmisi qəzaya düşməsəydi, onun üzərindəki təhlükəli materiallardan xəbərimiz olmazdı. Bu cür yükləri daşıyan gəminin Şri-Lankaya necə getməsi ilə bağlı düzgün araşdırma aparılmalıdır”, deyə Vakkumbura bildirib.
Nazir əlavə edib ki, Şri-Lanka Gömrük və Kolombo Limanı yük gəmisi barədə məlumatlandırılıb və onlar hadisə ilə bağlı Nümayəndələr Palatasına hesabat təqdim edəcəklərinə əmin ediblər.
Mənbə: CNN