Kolumbiyada itkin düşmüş təyyarənin qalıqları aşkar edilib. Xilasetmə xidmətlərinin məlumatına görə, qəzada sağ qalan olmayıb.
Ajans.az Caracol radiostansiyasına istinadən xəbər verir ki, 28 yanvar tarixində Kukuta şəhərindən Okanya (Ocaña) şəhərinə uçan Beechcraft 1900 tipli təyyarə radarlardan itdikdən sonra dağlıq ərazidə tapılıb.
Bildirilir ki, Birgə Koordinasiya Qərargahı təyyarənin La Playa de Belén bələdiyyəsinin kənd ərazisində, Kurazika bölgəsində qəzaya uğradığını təsdiqləyib. Rəsmi açıqlamada qeyd olunub ki, hadisə nəticəsində sağ qalan yoxdur.
HK4709 bort nömrəli təyyarə NSE 8849 (Kukuta–Okanya) reysi üzrə uçuş həyata keçirirdi. Təyyarə yerli vaxtla günorta saatlarında radarlardan yoxa çıxıb. Təyyarənin sahibi olan Satena Airlines aviaşirkətinin məlumatına görə, ekipaj sonuncu dəfə hava hərəkətinin idarə olunması xidməti ilə saat 11:54-də (Bakı vaxtı ilə 20:54) əlaqə saxlayıb.
Qəza baş verən ərazidə əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirib.
Təyyarədə 13 sərnişin və 2 pilot olub. Qəza nəticəsində hamısı həlak olub. Ölənlər arasında Kolumbiya Nümayəndələr Palatasının üzvü Diogenes Kintero və deputatlığa namizəd Karlos Salsedo da var.
DOĞRU.AZ




























