ABŞ Prezidenti Donald Tramp İranda bir sıra şəhərlərdə baş verən iğtişaşlar və mərkəzi hökumətin nəzarəti itirməsi ilə bağlı açıqlama verib. O, mövcud durumu “son dərəcə problemli” kimi qiymətləndirərək, proseslərin təhlükəli mərhələyə qədəm qoyduğunu bildirib.
Doğru.az xəbər verir ki, Trampın sözlərinə görə, İranda vəziyyət getdikcə ağırlaşır və ölkə daxilində nəzarətin zəifləməsi açıq şəkildə hiss olunur. ABŞ prezidenti vurğulayıb ki, ayrı-ayrı şəhərlərdə insanların nəzarəti ələ keçirməsi bir neçə həftə əvvəl mümkünsüz görünürdü.
“İran çox ciddi problemlər içindədir. Mənə elə gəlir ki, insanlar artıq ayrı-ayrı şəhərlərə nəzarəti ələ keçirirlər. Bu isə bir neçə həftə əvvəl qeyri-mümkün hesab edilirdi”, – deyə Tramp qeyd edib.
ABŞ lideri çıxışı zamanı İran hakimiyyətini də sərt şəkildə tənqid edib. O bildirib ki, əgər rəsmi Tehran ötən illərdə olduğu kimi etirazçılara qarşı kütləvi zorakılıq tətbiq edərsə, Vaşinqton buna biganə qalmayacaq. Trampın sözlərinə görə, ABŞ administrasiyası belə bir ssenariyə hazırdır və cavab tədbirləri olduqca sərt olacaq.
“Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Çox sərt şəkildə zərbələr endirəcəyik”, – deyə ABŞ prezidenti bəyan edib.
Ekspertlər Trampın bu açıqlamasını Vaşinqtonun İrana qarşı mövqeyinin daha da sərtləşməsi kimi qiymətləndirirlər. Bildirilir ki, regionda onsuz da gərgin olan vəziyyət bu tip bəyanatlarla daha da mürəkkəbləşə bilər. Xüsusilə Yaxın Şərqdə təhlükəsizlik balansının pozulması beynəlxalq ictimaiyyət üçün ciddi risklər yaradır.
Qeyd edək ki, son günlər İranda bir sıra şəhərlərdə sosial-iqtisadi problemlər fonunda etiraz aksiyaları keçirilir. Yerli və xarici mənbələr etirazların bəzi bölgələrdə iğtişaşlara çevrildiyini, təhlükəsizlik qüvvələri ilə toqquşmaların yaşandığını bildirir. Rəsmi Tehran isə vəziyyətin nəzarət altında olduğunu iddia edir.
Şəhla Qardaşova
DOĞRU.AZ




























