AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və kitabxananın direktoru Hüseyn Hüseynovun iştirakı ilə görüş keçirilib.
Doğru.az xəbər verir ki, görüş zamanı Türk dünyasının zəngin və çoxəsrlik mədəni-tarixi irsinin təbliği və qorunmasına xidmət edən Fondun nəşr etdiyi müxtəlif kitablar Kitabxanaya hədiyyə olunub. Tərəflər əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Kitablarla yaxından tanış olan Hüseyn Hüseynov Fondun rəhbərinə Kitabxananın fəaliyyəti barədə geniş məlumat verib və qonaq üçün kitabxana daxilində ekskursiya təşkil olunub.
Görüşün sonunda Mərkəzi Elmi Kitabxananın Diplomatik fondu çərçivəsində Türk Mədəniyyəti və İrsi Fonduna həsr olunmuş xüsusi guşənin yaradılması qərara alınıb. Bu təşəbbüs türk mədəni irsinin daha geniş auditoriyaya tanıdılması üçün əhəmiyyətli platforma olacaq.
DOĞRU.AZ