Venesuela vitse-prezidenti Delsi Rodrigez VTV telekanalında çıxışı zamanı respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olanların xatirəsinə yeddi günlük milli matəm elan edildiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, vitse-prezident bildirib: “Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını itirən gənc qadın və kişilərə şərəf, şöhrət və minnətdarlıq əlaməti olaraq yeddi günlük matəm elan etmək qərarına gəldim”.
Rodrigez çıxışında ölkədə daxili sülhün qorunmasının vacibliyini vurğulayıb, Venesuelaya qarşı təzyiq və hücumlara son qoyulması çağırışını bir daha təkrarlayıb.
Məlumata görə, daha əvvəl RT-nin Karakasdakı müxbiri Maduronun həyat yoldaşı Siliya Floresə dəstək məqsədilə qadınların iştirakı ilə mitinq keçirildiyini bildirib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ tərəfindən Venesuelada genişmiqyaslı hərbi əməliyyata başlanıldığı, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin saxlanılaraq deportasiya edildiyi iddia olunur. Daha sonra Maduronun Bruklin həbsxanasına aparıldığı bildirilib.
CNN-in yaydığı məlumata əsasən, Siliya Floresin saxlanılması zamanı onun qabırğalarının sındığı iddia edilir.
Eyni zamanda, Nyu-Yorkun Cənub Dairəsindəki hakim Venesuela konsulluğunun rəsmi şəxslərinə Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə görüşməyə icazə verib.
DOĞRU.AZ




























