Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin nəticələrinə həsr olunmuş təntənəli mərasim təşkil olunub.
Doğru.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, müsabiqə 2013-cü ildən keçirilir və hər iki ildən bir təşkil olunur. Budəfəki müsabiqədə 40-a yaxın ölkədən 270 layihə təqdim olunub. Münsiflər heyəti beynəlxalq səviyyədə tanınmış ekspertlərdən ibarət olub və yeddi nominasiya üzrə qaliblər seçilib.
Mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, müsabiqə çərçivəsində dünyanın tanınmış memarları Bakıda bir araya gələrək sahənin inkişafına töhfə verirlər. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın memarlığa göstərdikləri dəstəkdən söz açıb.
Tədbirdə münsiflər heyətinin üzvləri Azərbaycan Memarlar İttifaqının ali mükafatı – akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunublar. Daha sonra hər nominasiya üzrə üç yerin qalibləri elan olunub və mərasim bədii hissə ilə davam edib.
DOĞRU.AZ