Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur.
Doğru.az xəbər verir ki, o, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olub.
Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayan sənətkar 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrda, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1994-cü ildə Akademik Musiqili Teatra bədii rəhbər təyin olunmuş, 1996-cı ildə isə Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək bu sənət ocağı ilə taleyini bağlayıb.
Doğru.az bildirir ki, teatr və kino sahəsində unudulmaz iz qoymuş Siyavuş Aslan həm səhnədə, həm də ekranda yaratdığı obrazlarla tamaşaçılara incə yumor, dərin psixoloji yozum təqdim edib. Onun rolları arasında “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran”, “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşaları və “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” filmləri və teletamaşalar diqqət çəkir.
Onun sənət fəaliyyətinə verilən yüksək qiymət nəticəsində Siyavuş Aslan bir çox mükafat və fəxri adlarla, eləcə də “Şərəf”, “Şöhrət” ordenləri və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.
2013-cü ilin iyunun 27-də dünyasını dəyişən Xalq artisti Siyavuş Aslan yaratdığı parlaq obrazlarla teatr və kinomuzun tarixində, həmçinin sənətsevərlərin qəlbində əbədi olaraq yaşayır.
DOĞRU.AZ