Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir.
Doğru.az xəbər verir ki, Azərbaycan Turizm Bürosu (ATB) nəzdində fəaliyyət göstərən Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən keçirilən imtahan mərhələlərini 157 nəfər uğurla başa vurub.
Qiymətləndirmə müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil olunub, namizədlərin həm nəzəri bilikləri, həm də praktiki bacarıqları yoxlanılıb. Proses peşəkar bələdçi-ekspertlərin iştirakı ilə həyata keçirilib.
Sertifikat qazanan 157 bələdçiyə vahid “Turizm bələdçisi” vəsiqəsi təqdim edilib. Onların siyahısı ATB-nin rəsmi saytında “Sertifikatlaşdırılmış turizm bələdçiləri” bölməsində yerləşdirilib.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi davamlı xarakter daşıyır və müraciətlər mütəmadi qaydada qəbul olunur. Tələbləri uğurla tamamlayan bələdçilər barədə məlumatlar mütəmadi yenilənəcək.
Bu mexanizm turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, peşəkar səriştənin artırılmasına və turist məmnuniyyətinin gücləndirilməsinə xidmət edir.
Xatırladaq ki, “Turizm haqqında” qanunun 10.2-ci maddəsinə əsasən, sertifikatlaşdırılmış bələdçilər dövlət və bələdiyyə mülkiyyətində fəaliyyət göstərən muzeylərə, qalereyalara və dövlət qoruqlarına ödənişsiz daxil olmaq hüququna malikdirlər.
DOĞRU.AZ

























