Ölkə iqtisadiyyatına zərər vuran, aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı və qanunsuz satışını təşkil edən mütəşəkkil cinayətkar dəstə ifşa olunub.
Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə genişmiqyaslı istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında çalışan vəzifəli şəxslər və digər şəxslər mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girərək Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını markasız şəkildə ölkəyə qaçaqmalçılıq yolu ilə gətiriblər.
Toplanmış sübutlar əsasında bir sıra vəzifəli şəxslər və mülki şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib, bəzi şəxslər isə ölkəni tərk etdiklərinə görə beynəlxalq axtarışa verilib.
Bundan əlavə, “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” MMC-lər və Dövlət Sərhəd Xidmətinin bəzi vəzifəli şəxslərinin də iştirak etdiyi digər qaçaqmalçılıq faktları aşkarlanıb. Bu iş üzrə də 1 milyon manatdan artıq dəyərdə aksiz markasız tütün məmulatlarının qanunsuz dövriyyəyə buraxılmasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda hər iki cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir, cinayətkar birliyin digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində iş aparılır. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
DOĞRU.AZ




























