Almaniya Limanlarının Mərkəzi Assosiasiyası Müdafiə Nazirliyinə müraciət edərək, “müharibə” vəziyyətində limanların müdafiəsi və logistikasının gücləndirilməsi üçün büdcədən 3 milyard avro ayrılmasını istəyib.
Doğru.az xəbər verir ki, DPA agentliyinin məlumatına görə, assosiasiya bu tələbini müdafiə naziri Boris Pistoriusa göndərdiyi məktubda əsaslandırıb. Müraciətdə bildirilir ki, Almaniya dəniz limanları münaqişə zamanı Bundesver və NATO qüvvələrinin hərbi texnikasının və şəxsi heyətinin daşınması üçün mərkəzi rol oynayacaq.
“Əgər müharibə baş verərsə, limanlar ilk hücum xəttinə çevriləcək. Heç vaxt müharibəyə getməsək belə, bu maliyyə lazımdır”, – müraciətdə vurğulanıb.
3 milyard avronun ağır yük daşımaları üçün meydançaların və körpülərin möhkəmləndirilməsinə, dəmir yolu infrastrukturunun inkişafına, həmçinin kibertəhlükələrdən müdafiə tədbirlərinə yönəldilməsi planlaşdırılır. Bu vəsaitin həm mülki, həm də hərbi məqsədlərə xidmət etməsi nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merz ölkədə mövcud rifah sisteminin maliyyələşdirilməsinin çətinləşdiyi barədə xəbərdarlıq etmişdi.
DOĞRU.AZ