Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) Aİ ölkələrində döyüş sursatlarının istehsalını genişləndirmək barədə razılığa gəliblər.
Məlumata görə, Şura Sədrliyi Avropa Parlamentinin nümayəndələri ilə Sursata Dəstək Aktı (ASAP) üzrə ilkin razılıq əldə edib. Bu qərar sursat və raket istehsalının artırılması üçün Aİ büdcəsindən 500 milyon avro ayırmağa imkan verəcək. Plan həmçinin Ukrayna və Aİ-yə üzv ölkələr üçün Avropa sursatlarının istehsalının uzunmüddətli artırılmasını nəzərdə tutur.
İspaniyanın müdafiə naziri Marqarita Robles qeyd edib ki, bu saziş Avropada sursat və raket istehsalını gücləndirəcək və sürətləndirəcək. O, bu addımın Ukraynaya dəstək, Aİ-nin müdafiə texnologiyası və sənaye bazasının gücləndirilməsi, Aİ vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində əhəmiyyətini vurğulayıb.
Sursat istehsalının genişləndirilməsi layihəsinə raket-artilleriya sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir. İstehsal gücünü artırmaq, xammal, avadanlıq təchizatını və iş yerlərinin sayını artırmaq üçün investisiyaların cəlb edilməsinə yönəlib. Plan 12 ay ərzində 1 milyon sursat istehsal etməyi nəzərdə tutur.
Mənbə: BBC