Doğru.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası Rusiya Federasiyasının media vasitəsilə suveren ölkələrin daxili işlərinə müdaxiləsinə dair beynəlxalq ictimaiyyətə geniş məzmunlu müraciət ünvanlayıb.
Müraciətdə vurğulanır ki, son illərdə Rusiya informasiya vasitələrindən, xüsusilə də “Sputnik” agentliyindən siyasi təzyiq və ictimai rəyin manipulyasiyası aləti kimi istifadə edir. Bu fəaliyyət suveren dövlətlərin ictimai institutlarına zərbə vurur və cəmiyyətdə dövlətə olan etimadı zəiflədir.
Mətbuat Şurası qeyd edir ki, “Sputnik Azərbaycan” rəhbəri İqor Kartavıx və redaktor Yevgeni Belousovun saxlanılması onların jurnalist fəaliyyəti ilə bağlı deyil, Rusiya xüsusi xidmət orqanları – Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqları fonunda həyata keçirilib. Onların fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyi üçün təhlükə yaratdığı üçün qanuni əsaslarla qarşısı alınıb.
Müraciətdə xatırladılır ki, “Sputnik Azərbaycan”a əvvəllər rəhbərlik edən Vitali Denisov da eyni məqsədlə Azərbaycanda fəaliyyət göstərmiş, Rusiya xüsusi xidmət orqanlarının direktivləri əsasında təbliğat fəaliyyəti aparmış və nəticədə ölkədən qovulmuşdur.
Şura bildirir ki, “Sputnik” kimi qurumlar informasiya vasitəsi adı altında digər ölkələrin daxili işlərinə qarışmaq, ictimai rəyi yönləndirmək və siyasi sabitliyi pozmaq üçün istifadə edilir. Bu səbəbdən, həmin agentliyin fəaliyyəti artıq Avropa İttifaqının 27 ölkəsi, eləcə də Kanada, Böyük Britaniya və Avstraliya da daxil olmaqla 32 ölkədə qadağan olunub və ya bloklanıb.
Azərbaycan Mətbuat Şurası eyni zamanda Rusiyada müstəqil jurnalistlərin təqibi, həbsi və hətta qətlləri ilə bağlı faktları da diqqətə çatdıraraq Rusiya Jurnalistlər İttifaqının bu reallıqlara göz yummasını ciddi narahatlıq doğuran məqam kimi qiymətləndirib.
Sonda Mətbuat Şurası beynəlxalq jurnalist və insan haqları təşkilatlarını Rusiya tərəfindən həyata keçirilən informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadənin qarşısını almağa çağırıb.
DOĞRU.AZ