image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycanın zəngin enerji resursları ölkəmizin güclənməsində mühüm rol oynayır-Anar Məmmədovbackend

Azərbaycanın zəngin enerji resursları ölkəmizin güclənməsində mühüm rol oynayır-Anar Məmmədov

image-728x90px

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş kəmərlər vasitəsilə Azərbaycan qazı dünya və Avropa bazarlarına nəql olunur, respublikamız qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilir. Bununla da Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən birinə çevrilir.

Azərbaycan bu gün öz enerji problemlərini uğurla həll edir. Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə, iqtisadi inkişafına dəstək olmaqla yanaşı, Azərbaycanın özünün iqtisadi inkişafının artırılması baxımından çox əhəmiyyətlidir.

Azərbaycanın 58 faiz paya sahib olduğu TANAP boru kəmərinin ilkin ötürmə gücü 16 milyard kubmetrdir. Bildiyimiz kimi, 2020-ci il dekabrın 31-də qaz TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) interkonnektor vasitəsilə həm Yunanıstana, həm Bolqarıstana nəql edilib. Mavi yanacaq bu iki ölkəni keçərək TAP-la “Snam Rete Gas” arasında interkonnektor nöqtəsində İtaliyaya daxil olub. Yəni İtaliya və Avropa üçün yeni qaz təchizatı mənbəyi işə düşüb. Bu ilin yanvar ayında TAP-la İtaliyaya 340 milyon kubmetr qaz ötürülüb. Mavi yanacağın təxminən 70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunub. İlk dəfə qədim qitəni Türkiyə və Balkanlar vasitəsilə Xəzərlə birləşdirən yeni marşrut olduğu üçün “Cənub qaz dəhlizi”nin tam sistem kimi işə başlaması tarixi hadisədir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan “Cənub qaz dəhlizi”nin dörd seqmentinin hamısında iştirak edib və layihəyə bütövlükdə 10 milyard dollar həcmində vəsait xərcləyib. Məhz, bu il Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə isə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP vasitəsilə Azərbaycanın İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qazı çatdırılacaq. Artıq “Şahdəniz” yatağından da 137 milyard kubmetrlik qaz hasil edilib ki, bu, əslində, Cənub Qaz Dəhlizinin əsas mənbəyidir. 2022-ci ildən etibarən isə TANAP vasitəsilə 16 milyard kubmetr təbii qazın daşınması həyata keçiriləcək. Beləliklə, TANAP-ın 2022-ci ildən sonra hər il 1,5 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır ki, Azərbaycanın bu layihədən gəliri 870 milyon dollar dəyərində olacaq. Cənub Qaz Dəhlizi layihəsi elə dizayn olunub ki, gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması mümkündür.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividentlər əldə edəcək. Bununla da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq.
Gələcəkdə Türkmənistan və Qazaxıstan kimi ölkələrin təbii qazının nəqlinin həyata keçirilməsi, digər tərəfdən, Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qazın, əsasən də İsrailin təbii qazının gələcəkdə bu boru kəməri ilə daşına bilməsi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki