AzerGold QSC 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrası üzrə yeni mərhələyə start verib.
Doğru.az xəbər verir ki, istehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan Yol Xəritəsi dövlət başçısının 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyasına uyğun hazırlanıb.
Şirkətin bu istiqamətdə fəaliyyəti Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı çərçivəsində müəyyən etdiyi strateji hədəflərin icrasına xidmət edir.
Qeyd edək ki, ötən müddətdə Yol Xəritəsi çərçivəsində bir sıra mühüm addımlar atılıb. Rəqəmsallaşma layihələrinin icrasına nəzarət məqsədilə yeni idarəetmə mexanizmi – rəqəmsallaşma üzrə müşavir institutu yaradılıb, kibertəhlükəsizlik sahəsində məsul şəxslər təyin olunub.
Bundan əlavə, istehsalat zəncirində şəffaflığı təmin edən “Mədəndən Tərəziyə – Tərəzidən Emala” sisteminin birinci modulu istifadəyə verilib. Geoloji kəşfiyyat məlumatlarının idarə olunması üçün vahid informasiya sistemi yaradılıb və infrastruktur Hökumət Bulud sisteminə miqrasiya edilib. Bu addımlar məlumat təhlükəsizliyinin və qərarvermə prosesinin səmərəliliyinin artırılmasına şərait yaradıb.
Cari ilin əsas strateji mərhələsi “Məlumat əsaslı qərarvermə və analitik yetkinliyin formalaşdırılması” kimi müəyyən olunub. Mərhələli tədbirlər çərçivəsində analitik təhlil istiqamətinin təşkili, həmçinin gələcəkdə qərarvermə proseslərinə süni intellekt texnologiyalarının inteqrasiyası üçün infrastrukturun formalaşdırılması nəzərdə tutulur.
Həyata keçirilən layihələrin şirkətin rəqəmsal yetkinliyinin artırılmasına, rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə və dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verəcəyi bildirilir.
DOĞRU.AZ

























