Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclas keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından (ŞKTR) dəvət olunmuş nümayəndələr iştirak ediblər.Panel zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Türk dünyasını yalnız ortaq tarix deyil, həm də ümumi mənəvi dəyərlər birləşdirir.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) təkcə regional platforma deyil, həm də beynəlxalq aləmdə əməkdaşlığı və birliyi təşviq edən həmrəylik mərkəzidir. O, bu platformanın gələcək üçün əhəmiyyətini vurğulayıb.Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir də çıxış edib.
Millət vəkili Vüqar İskəndərov tədbirlə bağlı Doğru.az-a açıqlamasında bunları bildirib:
“Bu, çox şərəfli və mənalı gündür – Türkçülük günüdür. Panellərdə ortaq dəyərləri əks etdirən məsələlər müzakirə olunur. “İndiyə qədər nə etmişik?”, “Hazırda nə edirik?”, “Gələcəkdə nə etməliyik?” kimi suallar ətrafında düşünmək çox vacibdir. Perspektivimiz ortaq əlifba, ortaq dil məsələləri ilə bağlı olmalıdır. Türk Dövlətləri Təşkilatı sürətlə inkişaf edir. Dövlət başçılarımızın liderliyi ilə bu proses uğurla davam edir. Bütün dövlət qurumları, cəmiyyət və vətəndaşlar bu prosesə qoşulmalıdır. Türk birliyinin inkişafı üçün bütün sahələri əhatə edən proqramlar hazırlanmalıdır – istər iqtisadi, mədəni, siyasi, humanitar, istərsə də idman sahələrində. 21-ci əsr türk əsridir və biz bu yolda hər birimiz çalışdığımız sahədə öz töhfəmizi verməliyik.”
Millət vəkili Ceyhun Məmmədov isə tədbirin əhəmiyyətini belə dəyərləndirib:
“Bu cür tədbirlərin təşkili xüsusi əhəmiyyət daşıyır. Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün müxtəlif addımlar atılır və bu prosesdə ölkə liderlərinin rolu böyükdür. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim bir ailəmiz var – o da Türk ailəsidir. Bu günkü tədbir də məhz dostluğun, həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.”
Millət vəkili Jalə Əliyeva çıxışında Türk dünyasının birliyindən danışaraq bildirib:
“Bu gün çox əhəmiyyətli bir gündür – Türklüyün, Türk dünyasının növbəti təntənəsinin şahidi oluruq. 21-ci əsrin Türk əsri olduğunu deyənlər yanılmayıblar. Biz hər gün Prezident İlham Əliyev və Prezident Ərdoğanın timsalında böyük Türk dünyasının təməllərinin atıldığını görürük. Əminik ki, bu inkişaf davam edəcək. Arzumuz ortaq dilin, ədəbiyyatın, tarix və coğrafiyanın formalaşmasıdır. Atılan addımlar və dövlət səyləri də bu istiqamətə yönəlib. Yolumuz açıq olsun!”
Qırğızıstan parlamentinin üzvü Dastanbek Dzhumabekov isə panel iclası ilə bağlı dogru.az-a açıqlamasında deyib:
“Paneldə Türk dünyasının gələcəyindən danışdım. Bu gələcək bizim üçün çox önəmlidir. Türk dünyasının nüfuzu böyükdür – 300 milyondan artıq əhalini əhatə edir. Türk dünyası bizim canımız, qanımız, anamız, atamız, hər şeyimizdir. Biz qardaşıq. Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə gələcək nəsillərə Türk dünyasının mahiyyətini başa salmalıyıq. Əks halda, ideologiya dəyişə və nəsillər fərqli dəyərlərlə böyüyə bilər.”
DOĞRU.AZ