image-2000x150px
image-comp-versiya
image-1mnbackend

Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən videokonfransda Qarabağ muzeyləri ilə bağlı müzakirələr aparılıb – FOTOLAR

image-728x90px

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirilib. Üç hissədən ibarət olan konfransda müxtəlif icma nümayəndələri – fərqli sənət sahələri üzrə mütəxəssislər; sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri, Qarabağ bölgəsi üzrə muzeylərin direktorları iştirak ediblər.

Videokonfransın açılışında Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış etmişdi.

Sonra iştirakçıların təqdimatları olub və onların ətrafında fikir mübadiləsi aparılıb.

Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov nazirliyin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” portalının bölmələri, strukturu, fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. Müxtəlif sənət sahələri üzrə fəaliyyət göstərən mütəxəssislərin rifahının yüksəldilməsi, onların öz potensiallarını üzə çıxarması, yerli yaradıcı məhsulların və xidmətlərin ölkə daxilində, həmçinin xarici bazarlarda tanıdılması məqsədilə qurulan portalın əhəmiyyətindən bəhs edilib.

Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva Qarabağ muzeyləri ilə bağlı təqdimatla çıxış edib. O, “Böyük qayıdış” konsepsiyasına uyğun olaraq işğaldan azad edilən torpaqlarımıza mədəni həyatın yenidən qaytarılması üçün muzeylərin fəaliyyətinin bərpasının mühüm əhəmiyyət kəsb etdiyini və bu məqsədlə arxivlərdə geniş miqyasda elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulayıb. Qeyd edib ki, Qarabağda muzeylərin fəaliyyəti bərpa olunan zaman arxivlərdə aparılan tədqiqatların nəticələrinə istinad ediləcək.

Şöbə müdiri Bakı şəhərində yaradılması nəzərdə tutulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlərdən də bəhs edib. Bu muzeyin Vətən müharibəsinin, bu müharibədə qazandığımız şanlı Qələbənin müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının əhəmiyyəti xüsusi vurğulanıb, layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunduğu diqqətə çatdırılıb. Nazirlik tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılması işinə də başlanıldığı və Azərbaycan İstiqlal Muzeyində bu işin davam etdiyi bildirilib. Nərgiz Abdullayeva Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən azad olunmuş bütün şəhərlərdə işğal tarixi ilə bağlı muzeylərin yaradılacağını da konfrans iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, şəhərsalma işləri aparılarkən şəhərlərin müəyyən bir hissəsi dağıdılmış vəziyyətdə saxlanılacaq və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdiriləcək.

Onlayn görüş zamanı işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə edilib, Qarabağ bölgəsi üzrə muzeylərin direktorlarının fikirləri dinlənilib. Həmin muzeylərin kolleksiyalarının öz doğma məkanlarına qaytarılması məqsədilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq komitələri ilə həyata keçiriləcək işlər, həmçinin toplanmış yeni məlumatlar ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatlarla birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açıb. Digər muzeylərin Azərbaycan Milli Xalça Muzeyi ilə bu istiqamətdə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə edilib.

DOĞRU.AZ

image-3mn image-4mn image-2mn

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki