image-2000x150px
image-123
image-ads_atlas
image-3backend

Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib

image-728x90px

Doğru.az xəbər verir ki, mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş əlamətdar gün hər il müxtəlif devizlər altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır. 

Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirilib. Konfransda fərqli sənət sahələri üzrə mütəxəssislər, sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri və Qarabağ muzeylərinin direktorları iştirak edib.

Videokonfransda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey sahəsində çalışan, maddi mədəniyyət nümunələrimizin qorunmasında əvəzsiz xidmətləri olan bütün muzey işçilərinə nazir Anar Kərimovun təbriklərini çatdırıb, uğurlar arzulayıb. Qeyd olunub ki, builki Beynəlxalq Muzeylər Günü ölkəmiz üçün xüsusilə əlamətdardır: “Çünki artıq 18 mayı Laçın rayonunun işğal günü olaraq qeyd etmirik. Hazırda Qarabağımız, o cümlədən ölkəmizin dilbər guşələrindən olan Laçın rayonu düşməndən azad edilib”.

Sevda Məmmədəliyeva düşmən üzərində qazandığımız möhtəşəm Qələbənin azad edilmiş torpaqlarımızda, o cümlədən Laçında fəaliyyət göstərəcək muzeylərin bərpa layihələrini hazırlamaq üçün böyük ilham verdiyini vurğulayıb. O, həmçinin 12-13 may tarixlərində Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşada – Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının xalqımızı qürurlandırdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar hazırda nazirlikdə müvafiq işlər həyata keçirilir. Uzun illər erməni vandalizminə məruz qalan mədəniyyət məkanlarının bərpası ilə yanaşı, Qarabağda müasir tələblərə uyğun yeni muzeylər və digər mədəniyyət ocaqları da yaradılacaq. Düşməndən azad edilmiş ərazilərdə işğal muzeylərinin yaradılması da nəzərdə tutulur.

Sevda Məmmədəliyeva çıxışının sonunda doğma məkanından uzaq düşən muzeylərimizin yaxın zamanda vətəninə qayıtması və muzeylərin zəngin kolleksiyasının öz yurdunda sərgilənməsi ilə bağlı muzey əməkdaşlarını gələcəkdə məsuliyyətli və qürurverici işlərin gözlədiyini diqqətə çatdırıb.

Videokonfrans daha sonra iştirakçıların təqdimatları və fikir mübadiləsi ilə davam edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki