Şimali Kiprdə “Bizim ailəmiz Türk dünyasıdır” adlı beynəlxalq konfrans keçirilib. Tədbir maraqlı çıxışlar və Türk dünyasının gələcəyi ilə bağlı fikir və təkliflərlə yadda qalıb.
Doğru.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində baş tutub.
Tədbir Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Sarayında təşkil olunub. Konfransda ŞKTC Prezidenti Ersin Tatar, təhsil naziri Nazım Çavuşoğlu, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, eləcə də Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən ictimaiyyət nümayəndələri, ziyalılar, uşaq və gənclər iştirak ediblər.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxışında bu cür tədbirlərin Türk dünyasının inteqrasiyasında əhəmiyyətini vurğulayıb. CASCFEN sədri Nadir Azəri dövlət dəstəyinin vacibliyindən danışıb və layihənin uğurlu icrasını qeyd edib.
Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül konfransın “bir millət – üç dövlət” prinsipinin təcəssümü olduğunu bildirib. Hədəf Şirkətlər Qrupunun qurucusu Şəmil Sadiq isə təhsil sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
ŞKTC-nin təhsil naziri Nazım Çavuşoğlu tədbirin iki ölkə arasında yaxınlaşmaya töhfə verdiyini söyləyib.
Deputat Vüqar İskəndərov vurğulayıb: “Ortaq miras – sadəcə keçmişin izi deyil, bizim gələcək birliyimizin bünövrəsidir”.
ŞKTC Prezidenti Ersin Tatar isə çıxışında KKTC-nin Türk dünyası ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb, Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib və Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Konfransın sonunda iştirakçılarla xatirə fotosu çəkilib və təşəkkür plaketləri təqdim olunub.
DOĞRU.AZ