“Ukrinform” agentliyinin məlumatına görə, Bolqarıstanın müdafiə naziri Todor Taqarev ukraynalı həmkarı Aleksey Reznikovla birgə keçirdiyi brifinqdə bildirib ki, Bolqarıstan oktyabrın əvvəlində Ukraynaya sovet tipli zirehli texnikanın verilməsinə başlaya bilər.
Avadanlıqların ötürülməsi sentyabrda gözlənilən müvafiq sazişin Bolqarıstan parlamenti tərəfindən ratifikasiyasından sonra həyata keçiriləcək.
Razılaşmaya əsasən, Ukraynaya 100-ə yaxın zirehli texnika verilməlidir. Taqarev onu da vurğulayıb ki, Bolqarıstan Ukraynanın sürətləndirilmiş prosedur çərçivəsində NATO-ya daxil olmasını dəstəkləyir.
Bundan əvvəl Rusiya NATO ölkələrinin Ukraynaya silah tədarükündən narazılığını bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna üçün silah olan istənilən göndəriş Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, NATO ölkələrinin Ukraynaya silah tədarükü təhlükəlidir və Rusiya-Ukrayna danışıqlarına mənfi təsir göstərə bilər. Lavrov həmçinin vurğulayıb ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və s. kimi digər ölkələrdə kadr hazırlığı ilə fəal iştirak edir.
Mənbə: Haberturk