Bu gün böyük sənətkarımızın anadan olmasından 73 il ötür.
Özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamımızın sevimlisi Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb.
Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib.
Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik.
Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb. Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd bazar günü” filmində yaratdığı Seyran obrazı aktyorun kinoda ilk işi olub.
O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.
Yaşar Nuri 1989-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına, “Yaramaz” filmində yaratdığı “Maşallah” roluna görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.
Allah Rəhmət Eləsin
DOĞRU.AZ