“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) rəhbər heyətinin 2025-ci il üzrə yekun iclası baş tutub.
Doğru.az xəbər verir ki, toplantıda çıxış edən birliyin sədri Nadir Azəri bildirib ki, CASCFEN 2025-ci ili uğurla başa vurub. Onun sözlərinə görə, il ərzində Türkiyə, Kuzey Kıbrıs və Azərbaycanı təmsil edən bir sıra qeyri-hökumət təşkilatları və ədəbi birliklərlə əməkdaşlıq müqavilələri imzalanıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ortaq qrant müsabiqəsinin qalibi olan “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə” layihəsi də uğurla icra edilib.
CASCFEN-in Mətbuat xidmətinin məlumatına əsasən, 2025-ci ildə təşkilatın daxili strukturunda bir sıra yeniliklər edilib və müvafiq qərarlar qəbul olunub. Nadir Azəri qeyd edib ki, 2026-cı ilin türk dünyası və Azərbaycan üçün əlamətdar yubileyllərlə zəngin olması nəzərə alınaraq geniş fəaliyyət planı hazırlanıb. Xüsusilə Birinci Türkoloji Qurultayın 100 illiyi, Şuşa Bəyannaməsinin imzalanmasının və Türk Dövlətləri Təşkilatının yaranmasının 5-ci ildönümü ilə bağlı xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.
İclasda bir sıra təşkilati məsələlərə də baxılıb. Azərbaycanın nüfuzlu ali məktəblərində təhsil alan tələbələrdən ibarət yeni üzvlərin CASCFEN-ə qəbulu təsdiqlənib, regionlarda təşkilatlanmanın yeni mərhələsi elan olunub. Bu çərçivədə Naxçıvan Muxtar Respublikasında nümayəndəliyin yaradılması barədə qərar qəbul edilib. Nümayəndəliyin rəhbərliyinə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, CASCFEN sədrinin Türkiyə ilə əlaqələr üzrə müşaviri Ruhəngiz Əliyeva təyin olunub. Rəsul İbrahimov isə CASCFEN sədrinin gənclər, könüllülər və sosial şəbəkələr üzrə müşaviri təyin edilib.
Mətbuat xidmətinin məlumatına görə, son günlər İranda baş verən hadisələr fonunda Güney Azərbaycan və oradakı soydaşlarımızla bağlı məsələlər də təşkilatın diqqət mərkəzindədir. Bu məqsədlə CASCFEN sədrinin 31 dekabr 2025-ci il tarixli sərəncamı ilə təşkilat daxilində Güney Azərbaycanla Əlaqələr Departamenti yaradılıb. Tanınmış jurnalist və QHT təmsilçisi Elman Cəfərli departamentin rəhbəri təyin edilib.
DOĞRU.AZ




























