image-n1karobka_ads
image-123
image-ictimai_8bf99bc4625d4b2dcf4b3b15d66f421c_n849fmgtb25paxeqru7z-620x460backend

Daha inamlı gələcəyə doğru – FOTO

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılovun “Azərbaycan” qəzetində dərc olunan, əsasən Ulu Öndərin gənclərə olan qayğısından bəhs edən “Daha inamlı gələcəyə doğru” sərlövhəli məqaləsini olduğu kimi təqdim edirik:

“Güclü təməllər üzərində qurulan müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xalqımıza, o cümlədən gənclərimizə bəxş etdiyi ən böyük sərvətdir. Heydər Əliyev doğma vətənini zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Məhz Ulu Öndərin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan sürətli tərəqqi yoluna qədəm qoydu, ölkəmizin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldı. Ümummilli Liderin müəllifi olduğu davamlı inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik sosial-iqtisadi tərəqqisini təmin edən Azərbaycan qüdrətli və qalib dövlətə çevrildi.

Ümummilli Lider gəncləri “Azərbaycanın milli sərvəti” adlandırırdı

Ulu Öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də yüksək bilik və bacarıqlara sahib, vətənpərvər gənc nəslin formalaşdırılması idi. Müasir müstəqil Azərbaycanı qurmağa hələ 1969-1982-ci illərdə başlayan Ümummilli Liderin təşəbbüsü ilə minlərlə gəncimiz müxtəlif ixtisaslar üzrə keçmiş Sovet İttifaqının ən nüfuzlu universitetlərində təhsil alaraq peşəkar mütəxəssis kimi formalaşdı. Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gənclərin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onları “Azərbaycanın milli sərvəti” adlandırırdı.

1970-1980-ci illərdə Ulu Öndərin hərtərəfli diqqət və qayğısı nəticəsində ayrı-ayrı ölkələrin təhsil müəssisələrində oxuyan, yüksək bilik və bacarıqlara yiyələnən gənclər müstəqillik illərində ölkəmizdə dövlət quruculuğu prosesində yaxından iştirak edib, həmçinin müxtəlif sahələrin inkişafına dəyərli töhfələr veriblər.

1998-ci il avqustun 31-də Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında çıxış edən Ulu Öndər demişdi: “Mən vaxtilə apardığım işlərin bəhrəsini görürəm. Mən o vaxt sizi təhsil almaq üçün göndərmişəm. Bu gün belə hesab edirəm ki, mən və ümumiyyətlə, bizim hamımız – indi hakimiyyətdə olanlar sizin imkanlarınızdan, biliyinizdən, bacarığınızdan, istedadınızdan istifadə etməliyik. Biz sizdən kadr kimi səmərəli istifadə etməliyik”.

Müstəqil Azərbaycana rəhbərliyi illərində də Ulu Öndər bu məsələyə daim xüsusi diqqətlə yanaşırdı. Gənclərin himayədarı olan Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bilirdi ki, müxtəlif təqaüd proqramları, beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə gənclərin xarici ölkələrdə təhsil almaları üçün şəraitin yaradılması qlobal düşüncə tərzinə malik, ölkəmizin gələcək inkişafına töhfə verən gənclərin formalaşmasına stimul verəcək.

Gənclər siyasəti: qarşıya qoyulan vəzifələr

Dahi liderin müəyyənləşdirdiyi və gənc nəslin hərtərəfli, o cümlədən intellektual, mənəvi və fiziki inkişafına yönələn dövlət gənclər siyasəti yüksək təhsilli, yaradıcı potensiala malik gənclərin hazırlanması və onların vətənə sədaqət ruhunda tərbiyə olunmalarını təmin etməklə dövlət idarəçiliyində, ictimai həyatda və innovativ sahələrdə fəal iştirakına geniş imkanlar açdı. Bu siyasət eyni zamanda gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə, onların qlobal çağırışlara cavab verə bilən, rəqabətqabiliyyətli və təşəbbüskar vətəndaşlar kimi formalaşmasına şərait yaratdı.

Müdrik ideyaları, strateji qərarları ilə gələcəyin qüdrətli Azərbaycanını quran Heydər Əliyev gənclərə xüsusi qayğı ilə yanaşaraq onlarla görüşlər keçirir, gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi həyatda fəal iştirakı, təşkilatlanmaları, müxtəlif sahələrdə təcrübə qazanmaları, bilik və bacarıqlara yiyələnmələri üçün mühüm addımlar atırdı.

Gənclərlə bağlı məsələlərin həll olunması, bu istiqamətdəki dövlət siyasətinin uğurla icrasını təmin etmək məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı sərəncamla ölkəmizdə Gənclər Gününün təsis olunması isə Ulu Öndərin gənclərimizə böyük hədiyyəsi oldu.

Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirərək demişdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.

Gəncləri Azərbaycanın sabahı, ümidi kimi görürdü

İctimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, peşəkar kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar Ulu Öndərin müəyyənləşdirdiyi başlıca strateji hədəflər idi. Bütün bu istiqamətlərdə müəyyənləşdirilən strateji hədəflərə nail olmaq üçün, əlbəttə, güclü potensiala, bilik və bacarıqlara malik, xalqa və vətənə bağlı gənc nəslin formalaşması olduqca zəruri idi.

Ümummilli Liderin inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan tarixi nailiyyətlər ölkəmizin gücünü, xalqımızın birliyini daha da artırıb, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib. Azərbaycan bu gün dayanıqlı iqtisadiyyatı, güclü ordusu, qlobal layihələri, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə regionun aparıcı dövlətidir.

Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini də mövcud ənənələr və müasir yanaşmalar əsasında daha da təkmilləşdirib. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan gəncliyinin inkişafını nəzərdə tutan dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib.

Ulu Öndərin Azərbaycanın sabahı, ümidi olaraq gördüyü gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin davamlı və dayanıqlı inkişafında önəmli rol oynayırlar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin iqtisadi-sosial inkişafının təmin olunması, mədəniyyət, idman, səhiyyə və digər sahələrdə görülən genişmiqyaslı işlərə cəlb edilən gənclərimiz onlara həvalə olunan vəzifələrin öhdəsindən layiqincə gələrək Ulu Öndərin müəyyənləşdirdiyi müdrik siyasətə sadiqliklərini, vətənə, xalqa bağlılıqlarını nümayiş etdirirlər.

Məhz Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları ilə Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə formalaşan qəhrəman gənclərimiz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında tarixi zəfərlərimizin qazanılmasında yaxından iştirak etmişlər. Gənclərimiz bu gün də Heydər Əliyevin milli inkişaf strategiyasına əsaslanan ideyaları öz fəaliyyətlərinin ideoloji təməli kimi qəbul edirlər”.

DOĞRU.AZ

image-ictimai_086e772f6ddf6418ba49a9d3fd1a843b_swvolucx3hy10r4ba2km

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki