Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri təşkil olunub. Tədbir “AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşəbbüsü ilə reallaşıb.
Doğru.az xəbər verir ki, turnir Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, eləcə də Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilib. Yarışda 6 məktəb komandası mübarizə aparıb.
Final oyunu və mükafatlandırma mərasimi Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasında baş tutub. Tədbirdə şəhid Anar Mürsəlovun anası Qızbəs Abbasova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin müşaviri Anar Abdullayev, “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktorunun müavini Mirsadıx Yaqubzadə, eləcə də Gənclər və İdman Nazirliyi, regional qurum və idarələrin rəhbər şəxsləri iştirak ediblər.
Çıxışlarda ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə idman infrastrukturlarının yenilənməsi və əlçatanlığının artırılması vurğulanıb. Qeyd edilib ki, bu kimi turnirlər yeniyetmə və gənclərin fiziki və sosial inkişafına, komanda ruhu, liderlik və məsuliyyət kimi müsbət keyfiyyətlərin formalaşmasına mühüm töhfə verir.
Tədbirin sonunda 3 günlük turnirin qalibləri, “Ən yaxşı oyunçu” nominasiyasının sahibi və hakimlər mükafatlandırılıb. Kubok, medal və diplomlar təqdim olunub.
Turnirin yekun nəticəsinə görə, Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası birinci olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Daşkəsən şəhəri, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb və Daşkəsən şəhəri, İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin komandaları tutub.
DOĞRU.AZ





























