image-2000x150px
image-123
image-ads_atlas
image-tamilla-twbackend

Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib

image-728x90px

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış jurnalist, ssenarist, Əməkdar jurnalist Tamilla Məhərrəm qızı Haşımova 2021-ci il oktyabrın 16-da, ömrünün 82-ci ilində Moskva şəhərində vəfat edib.

Tamilla Haşımova 1939-cu il noyabrın 6-da Bakı şəhərində, görkəmli teatr rejissoru, Xalq artisti Məhərrəm Haşımovla Xalq artisti Rahilə Ginzburqun ailəsində anadan olub.

Tamilla Haşımova uzun illər Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Televiziyanın “Dostluq” baş redaksiyasına rəhbərlik edib, onlarla maraqlı verilişin, proqramların və sənədli filmlərin ərsəyə gəlməsində iştirak edib. O, həmçinin gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla fəaliyyət göstərirlər.

Azərbaycan televiziyasının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Tamilla Haşımova Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Tamilla Haşımovanın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Tamilla Haşımovanın xatirəsi onu tanıyanların, həmkarlarının və əzizlərinin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki