image-n1karobka_ads
image-123
image-5backend

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi keçirilib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində mütəmadi olaraq təşkil olunan Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub. Açılış mərasimdə XİN-də əmək fəaliyyətinə yeni başlamış 58 gənc diplomat iştirak edib.

ADA Universitetinin builki Xarici Siyasət Proqramının məqsədi gənc diplomatların nəzəri və praktiki biliklərini təkmilləşdirmək, gənc diplomatları ikitərəfli və çoxtərəfli diplomatiya üçün hazırlamaq, habelə onların müasir beynəlxalq arenada peşəkar fəaliyyətini dəstəkləməkdir.

Açılış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva proqram iştirakçılarını salamlayaraq, onlara diplomatik fəaliyyətlərində uğur arzulayıblar.

Çıxışçılar indiyə qədər 2 minədək gənc, orta və yüksəkrütbəli diplomatın, həmçinin otuzadək dövlət qurumunu təmsil edən dövlət qulluqçusunun Xarici Siyasət Proqramından faydalandığını diqqətə çatdırıblar. Eyni zamanda, İxtisasartırma Proqramının bugünədək 108 ölkədən 500-ə yaxın xarici diplomat üçün də xüsusi proqramlar təşkil etdiyi, onların ölkəmizi daha yaxından tanımalarına fayda verdiyi bildirilib.

Açılış mərasimində çıxış edən XİN-in Kadrlar idarəsinin rəisi Raman Məmmədov nitqində gənc diplomatları təlimçilər tərəfindən veriləcək bilik və bacarıqlardan səmərəli şəkildə faydalanmağa çağırıb. Bu proqramın onların qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkan olduğu bildirilib.

Tədbir zamanı proqramın məzmunu, əsas məqsədləri və proqramdan gözləntilər barədə ətraflı məlumat verilib. Sözügedən kursların ADA Universitetinin professor-müəllim heyəti, XİN, beyin mərkəzləri, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də daxil olmaqla 30-a yaxın təlimçi tərəfindən tədris olunacağı vurğulanıb.

Bu intensiv kurs həm nəzəri, həm də praktiki sessiyaları əhatə edəcək. Nəzəri sessiyalarda beynəlxalq siyasət və hüquq, xarici siyasət, təhlükəsizlik, iqtisadiyyat, enerji məsələləri və mədəni-humanitar əlaqələr müzakirə olunacaq. Bacarıq yönümlü sessiyalarda isə netvörkinq, mədəniyyətlərarası kommunikasiya və digər mövzularına toxunulacaq.

Proqram cari ilin may ayında yekunlaşacaq. Sonda həyata keçiriləcək qiymətləndirilmə prosesindən uğurla keçən diplomatlara sertifikatlar təqdim ediləcək.

DOĞRU.AZ

image-2 image-3 image-1 image-4 image-5

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki