Fevralın 24-25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Doğru.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Bildirilib ki, paytaxt və Abşeron ərazisində gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7–10 dərəcə isti təşkil edəcək.
Qeyd olunub ki, bölgələrdə fevralın 24-də arabir yağıntılı hava şəraiti davam edəcək, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Fevralın 25-də gündüz saatlarında yağıntılarda fasilə olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 8–13, dağlıq ərazilərdə isə 0–5 dərəcə isti təşkil edəcək.
DOĞRU.AZ


























