Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu təsadüfi deyil, çünki Şuşa xalqımızın tarixi yaddaşı və ilham mənbəyidir. O, Forumda müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin iştirak etdiyini və buranın yenilikçi baxışların formalaşdığı mühüm bir məkana çevrildiyini vurğulayıb.
Doğru.az xəbər verir ki, Hikmət Hacıyev bu fikirləri “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
O qeyd edib ki, Forum həm də Prezident İlham Əliyevlə birbaşa ünsiyyət imkanı təqdim edən platformadır. Forum iştirakçıları Ağdam, Xankəndi və Laçına səfərlər edirlər.
Hikmət Hacıyev əlavə edib ki, bu il Azərbaycan mediasının 150 illiyi qeyd olunur. İlk Azərbaycan qəzeti “Əkinçi”nin maarifçilik ruhu bu gün də yaşadılır və sağlam cəmiyyətin qurulmasına xidmət edir.
DOĞRU.AZ