Azərbaycan illərlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı. Azərbaycanın uzun illər münaqişənin sülh yolu illə həllinə çalışdığı bir vəziyyətdə təcavüzkar Ermənistan isə mütəmadi hərbi təxribatlarla danışıqlar prosesini pozmağa cəhd edirdi. Əlbəttə ki, bu da gözlənilən idi. Çünki, Ermənistan faktiki olaraq dünya ictimaiyyəti tərəfindən heç bir təzyiqə məruz qoyulmurdu və bu, Ermənistanı öz hərbi cinayətlərini davam etdirməklə yanaşı yeni ərazi iddiaları ilə çıxış etməyə cürət edəcək qədər azğınlaşmağa sövq etmişdi.
Doğru.az xəbər verir ki, bunu “Yeni Gündəm”-ə millət vəkili Anar Məmmədov deyib.
Daim danışıqlar ticəsində isə Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri də puça çıxdı.
Sözsüz ki, qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Müharibədən sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığının şahidi oldu. Bunun nəticəsidir ki, bu gün dünyanın əksər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

























