image-2000x150px
image-123
image-ads_atlas
İnformasiya savaşının önündə dayanan qətiyyətli liderbackend

İnformasiya savaşının önündə dayanan qətiyyətli lider

image-728x90px

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ön cəbhə ilə yanaşı, diplomatiya və informasiya cəbhəsində də Ermənistana qarşı səmərəli mübarizə apararaq, onun təcavüzkar siyasətinin mahiyyətinin tam ifşasına nail olub. Bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müxtəlif xarici televiziya kanallarına verdiyi müsahibələrin təbliğati-siyasi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Əks-həmlə əməliyyatlarının davam etdiyi sentyabrın 27-dən noyabrın 10-dək 30-dan çox xarici KİV-ə müsahibə verən dövlətimizin başçısı diplomatik, siyasi və informasiya cəbhəsində ölkəmizin mühüm üstünlüyünü təmin edib. Hücum diplomatiyasını uğurla davam etdirərək real faktlar, konkret arqumentlər əsasında Ermənistanı və onu açıq şəkildə dəstəkləyən dövlətləri beynəlxalq miqyasda ifşa edib.

Dünya miqyaslı “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Rossiya-1”, “TRT Haber”, CNN-Türk, “CNN İnternational”, “Sky News”, “Fox News”, “Figaro”, “La Republica” və s. telekanallara müsahibələr verən Azərbaycan Prezidenti cənab İlham Əliyevin münaqişənin gerçək mahiyyəti, gedişi və nəticələri ilə bağlı fikirləri beynəlxalq ictimai rəyin düzgün formalaşdırılması baxımından da səmərəli olub. Ermənistanın münaqişənin yenidən alovlanmasına gətirib çıxaran açıq təxtribatları, beynəlxalq konvensiyaları pozaraq ağır müharibə cinayətləri törətməsi, qadağan olunmuş bomba və raketlərdən istifadə etməsi və s. məqamlar məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı hərbi əməliyyatlarla bağlı ciddi fakt və arqumentlər üzərində qurulan aydın, səlis fikirləri və sərrast cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyətli olub.

İstər ön cəbhədəki uğurların, istərsə də diplomatiyada, siyasi müstəvidə əldə edilən qələbələrin memarı olan dövlətimizin başçısı İlham Əliyevin müsahibə və çıxışları dünyada Azərbaycana qarşı ikili standartların, mövcud ayrı-seçkiliyin ifşa edilməsində böyük rol oynayıb. Bu müsahibə və çıxışlar Azərbaycana qarşı ikili standartların miqyasının məhdudlaşmasına, ölkəmizin ədalətli mövqeyinə dəstək verənlərin sayının artmasına mühüm təsir göstərib. Digər tərəfdən həmin müsahibələri izləyən dünya ictimaiyyəti Ermənistanın regionda ciddi təhlükə mənbəyi olduğunu bir daha dərk edib.

Prezident İlham Əliyev Vətən Müharibəsindən sonra da informasiya savaşının önündə əzmlə dayanaraq milli maraq və mənafelərimizi əzmlə, qətiyyətlə müdafiə edir. Dövlət başçısının Xocalı soyqırımının 29-ci ildönümü ilə bağlı kütləvi anım tədbirlərinin keçirildiyi bir gündə yerli və xarici jurnalistlər üçün mətbuat konfransı təşkil edərək mühüm açıqlama və mesajlar verməsi ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımının tanıdılması istiqamətində növbəti mühüm siyasi addım və hücum diplomatiyasının məntiqi davamıdır.

Dövlətimizin başçısı mətbuat konfransında yerli və xarici jurnalistləri maraqlandıran 50-dən çox sualı 4 saatdan artıq müddətdə dolğun, əhatəli və yüksək diplomatik məharətlə cavablandırmaqla yanaşı, ölkə ictimaiyyəti üçün maraqlı bir sıra mühüm məsələlərə aydınlıq gətirib. Bu açıqlamalar bəzi qərəzli siyasi qüvvələrin üçtərəfli 10 noyabr bəyanatı ilə bağlı iddialarının əsassızlığını bir daha təsdiqləyib. Bir daha təsdiqlənib ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, ərazi bütövlüyü və suverenliyinin ən mübariz, ən qətiyyətli müdafiəçisidir.

Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün mətbuat konfransını Xocalı soyqırımının ildönümünün tamam olduğu bir gündə günündə keçirməsi də, şübhəsiz, təsadüfi deyildi. Dövlətimizin başçısı yerli və xarici jurnalistlər qarşısında bir daha bəyat etdi ki, Ermənistanın 29 il əvvəl Xocalı soyqırımını törətməkdə məqsədi xalqımızın milli iradəsini qırmaq, Azərbaycan ərazilərinin işğalına zəmin hazırlamaq olub. Xocalıda törədilmiş soyqırımı, eləcə də terror aktları, şəhərlərin və kəndlərin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı ballistik raketlərlə bombalanması erməni faşizminin real təzahürləridir. Cənab İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan ordusunu darmadağın edərək tarixi torpaqlarını işğaldan azad etməklə yanaşı, Xocalı qurbanlarının da qisasını aldığını xüsusi vurğulayıb. Respublikamız Ermənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişənin qısa müddətdə hərbi-siyai həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib.

Prezident İlham Əliyev həmçinin bəyan edib ki, Vətən Müharibəsinin yekunu kimi ərazilərini döyüş meydanında işğaldan azad edən Azərbaycan bundan sonra erməni revanşizminin baş qaldırmasına heç zaman imkan verməyəcək: “Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik”.

Mətbuat konfransında bir daha bəyan edildi ki, Ermənistanın işğal etdiyi ərazilərdə böyük dağıntılar törətməkdə məqsədi Azərbaycan xalqının öz ərazilərinə köçmək niyyətinin qarşısını almaq olub. Azərbaycan dövləti işğaldan azad edilmiş şəhər və rayonların bərpası, yenidənqurulması məqsədilə bütün zəruri tədbirləri həyata keçirilməsinə başlayıb.

Ermənistan 30 ildən çox müddətdə işğalçı siyasət yürüdərək özünü regional layihələrdən təcrid etsə də, heç bir məqsədinə nail ola bilməyib. Bu gün faktiki olaraq Ermənistan regionda müstəqilliyini tamamilə itirib, müstəmləkə altında olan dövlətə çevrilib. Lakin Ermənistanda hansi syasi hakimiyyətin mövcudluğundan asılı olmayaraq, üçtərəfli 10 noyabr sazişinin tələbləri icra edilməlidir. Bunun əksi Ermənistan üçün daha böyük faciə və fəlakətlərə gətirib çıxara bilər.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başa çatması Cənubi Qafqazın ümumi inkişafı istiqamətində böyük perspektivlər vəd edir. Qarabağ regionunda işğalın başa çatması bölgələrarası ümumi inkişafı təmin etməklə, yeni əməkdaşlıq modellərinin tətbiqinə imkan yaradır. Hazırda Azərbaycanın məqsədi həm də yaxın perspektivdə azərbaycanlı məcburi köçkünləri əsrlər boyu yaşaqları doğma torpaqlarına qaytarmaq, daha sonra həmin ərazidə azərbaycanlı əhalisi ilə erməni icması arasında dinc birgəyaşayışı təmin etməkdir.

Bəzi əsassız iddialara da aydınlıq gətirən cənab İlhan Əliyev onu da bəyan etdi ki, Azərbaycanın tarixi ərazilərində yaşayan ermənilərə hansısa statusun verilməsi mövzusu müzakirə mövzusu deyil və gələcəkdə də olmayacaq. Ermənilər bu ərazilərdə yalnız Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər.

Bütün bunlar əminliklə deməyə əsas verir ki, 44 günlük müharibədən sonra da Azərbaycan Prezidenti hücum taktikasına söykənən siyasət həyata keçirir, Ermənistanın işğal siyasətini və bunun yaratdığı təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Eyni zamanda, Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının parlaq nümunəsini ortaya qoyur.

Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaq, Azərbaycan həqiqətlərini dünyaya göstərmək üçün xarici KİV-lərin imkanlarından maksimum dərəcədə effektiv istifadə edir.


Mönsüm ALIŞOV,
“İdrak” liseyinin təsisçisi,
pedaqoji elmlər doktoru, professor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki