Bakı Su İdmanı Sarayının ərazisində yerləşən Avropa İdman Oyunları Kompleksinin çimərlik futbolu meydanında “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinin final və üçüncülük qarşılaşmaları keçirilib.
Doğru.az xəbər verir ki, bürünc medal uğrunda oyunda “Mahal” və “Qardaşlar” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə “Mahal” 5:3 hesabı ilə qalib gələrək turnirin üçüncüsü olub.
Final görüşündə isə dünya və Avropa çempionlarından ibarət “Platinum” komandası ilə idman jurnalistlərindən təşkil olunmuş “Yazanlar” kollektivi üz-üzə gəlib. Maraqlı və gərgin keçən oyunda “Yazanlar” 3:2 hesabı ilə qalib gələrək turnirin kubokunu başı üzərinə qaldırıb. Bu qələbə təsadüfi olmayaraq 2 iyul – Beynəlxalq İdman Jurnalistləri Gününə təsadüf edib.
Turnirdə fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. Belə ki, yarışın ən yaxşı oyunçusu dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Rafiq Hüseynov seçilib. Ən yaxşı qapıçı mükafatı Anar Məhərrəmova təqdim olunub. “Feyr-pley” mükafatına isə “Mahal” komandasının üzvü Mərdan Kazımov layiq görülüb.
Qalib “Yazanlar” komandasına kubok və medallar millət vəkilləri Razi Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Cəfərov və veteran futbolçu Mahmud Qurbanov tərəfindən təqdim edilib.
DOĞRU.AZ