Dünya siyasi tarixində qərarları və idarəetmə üsulları ilə qlobal proseslərə təsir göstərmiş çoxsaylı lider və dövlət başçıları olub. Bu fiqurların bəzisi həyata keçirdikləri siyasətin nəticəsi olaraq yalnız hakimiyyətlərini deyil, bəzən həyatlarını da itiriblər. Yaxın keçmişə nəzər saldıqda Adolf Hitler, Benito Mussolini və Üsamə bin Laden kimi adların siyasi və ideoloji addımlarının gec-tez ağır nəticələrlə sonlandığını görürük. Tarix göstərir ki, bu cür fiqurlar zamanla dəyişsələr də, mahiyyət etibarilə eyni destruktiv mexanizmlər müxtəlif formalarda yenidən təzahür edir.
Müasir dövrdə Rusiya-Ukrayna və İsrail-HƏMAS qarşıdurmaları bu tendensiyanın aktual nümunələri kimi diqqət çəkir. İllərdir davam edən bu proseslərin sülh yolu ilə həll olunmaması beynəlxalq ictimaiyyətin təşəbbüslərinin çox vaxt formal xarakter daşıdığını göstərir. Qlobal sammitlər, iclaslar və etiraz aksiyaları siyasi iradə ilə müşayiət olunmadıqda, münaqişələrin mahiyyətinə təsir edə bilmir. Nəticədə fərqli coğrafiyalarda yaşayan xalqlar üçün qeyri-sabitlik və xaos beynəlxalq sistemin dəyişməz reallığı olaraq qalır.
2026-cı ilin ilk böyük dövlətlərarası gərginliyi ABŞ-nin Cənubi Amerikanın neftlə zəngin Venesuela prezidentini Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi ələ keçirərək Nyu-Yorka aparması ilə yadda qaldı. Bir çoxları tərəfindən avtoritar lider və hətta diktator kimi xarakterizə olunan Maduronun bu şəkildə saxlanılması hadisəni dərhal qlobal gündəmin mərkəzinə daşıdı. Hadisənin əhəmiyyəti yalnız özü ilə deyil, beynəlxalq hüquq, suverenlik və güc siyasəti baxımından yaratdığı presedentlə ölçülür.
ABŞ prezidenti Donald Tramp uzun müddətdir Maduronu Venesuela və region üçün təhlükə mənbəyi kimi təqdim edirdi. Buna baxmayaraq, birbaşa hərbi əməliyyatla prezidentin tutulması gözlənilməz oldu. ABŞ mətbuatının yaydığı məlumata görə, əməliyyatdan bir həftə əvvəl Tramp Maduronu telefon danışığında istefaya çağırıb. Tələbin rədd edilməsi Vaşinqtonun güc variantına üstünlük verməsinə səbəb olub.
Rəsmi izahatlarda əməliyyat narkotik və silah cinayətləri ilə mübarizə kimi təqdim edilsə də, Karakasdakı hava zərbələri, hərbi obyektlərin, liman və hava limanlarının bombalanması bu arqumentlərin nə dərəcədə legitim olduğunu sual altına qoyur. ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin (“Delta Force”) iştirakı ilə həyata keçirilən əməliyyat bir cinayətkarın deyil, suveren dövlətin mövcud hakimiyyətinin neytrallaşdırılmasına yönəlmişdi. Bu məqam beynəlxalq ictimaiyyəti ciddi narahat edir: hər hansı dövlətin başqa bir ölkənin prezidentini zorla ələ keçirməsi beynəlxalq hüquq çərçivəsində əsaslandırıla bilərmi?
Hücum nəticəsində hərbçilər və mülki şəxslər daxil olmaqla onlarla insan həlak oldu. Maduro və həyat yoldaşı Siliya Floresin heç bir ciddi müqavimət olmadan tutulması isə Venesuela ordusunun passivliyini və ya pərdəarxası razılaşmaları gündəmə gətirdi. Onların ABŞ Ədliyyə Nazirliyinə məxsus təyyarə ilə Nyu-Yorka aparılması və məhkəmə öncəsi Maduronun alçaldıcı formada şəhər küçələrində nümayiş etdirilməsi Tramp administrasiyasının açıq güc mesajı kimi qiymətləndirilir.
Maduro Manhetten Federal Məhkəməsində ittihamları qəbul etməsə də, növbəti istintaq martın 17-də keçiriləcək. Hadisə beynəlxalq arenada ciddi tənqidlərə səbəb olsa da, Venesuela daxilində və regionun bəzi ölkələrində fərqli reaksiyalar müşahidə olunur. Venesuela, Argentina, Peru və Çilidə yaşayan bir çox venesuelalı üçün bu hadisə uzun illərdir gözlənilən siyasi dönüş kimi qiymətləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülər Maduronun devrilməsinə dair ictimai gözləntilərin yüksək olduğunu göstərir.
Əsas suallar hələ də açıq qalır: Maduro azad edilə bilərmi? Yenidən hakimiyyətə qayıtması mümkündürmü, yoxsa siyasi karyerası birdəfəlik başa çatıb? Onun həbsdə qalması Venesuelada hansı idarəetmə modelinin formalaşmasına yol açacaq?
Müvəqqəti prezident Delsi Rodriges ABŞ-ın hərbi əməliyyatını Venesuelanın milli resurslarının qanunsuz ələ keçirilməsi kimi qiymətləndirərək Maduronun geri qaytarılmasını tələb edib. Eyni zamanda Vaşinqtonla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və “birgə inkişaf”a yönəlmiş əməkdaşlığa açıq olduqlarını bəyan edib.
BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı təcili iclas çağırıb, Baş katib Antonio Quterreş hadisəni “təhlükəli presedent” adlandırıb, Çin isə ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham edib. Trampın Venesuela ilə bağlı “biz idarə edəcəyik” ifadəsi təkcə Karakas üçün deyil, ümumilikdə Cənubi Amerikadakı digər dövlətlər üçün də açıq mesaj kimi qəbul olunur. ABŞ şirkətlərinin Venesuelanın neft sənayesinə böyük həcmdə investisiya yatırmaq niyyəti hadisənin arxasında iqtisadi maraqların dayandığını ehtimal etməyə əsas verir.
Böyük güclər arasındakı fikir ayrılıqları prosesi daha da dərinləşdirmə riskini artırır. Nəticə etibarilə, bir dövlət başçısının qaçırılması presedenti yeni planetar münaqişəyə çevrilməməli və mülki itkilər artmamalıdır. Xüsusilə də son dörd ildə baş vermiş qlobal qarşıdurmalar hələ tam həllini tapmamışkən, bu, beynəlxalq ictimaiyyət üçün ən vacib prioritetdir.
Məhəmməd Tağıyev




























