image-2000x150px
image-123
image-ads_atlas
image-43595cea-f8fd-30cf-9e22-7a36056dbec6_850-1backend

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib

image-728x90px

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.

Mərkəzdən  verilən məlumata görə, tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib. Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana və muzeylər üzrə mütəxəssisi Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın dövlətçilik tarixi, tarixdə mövcud olmuş Azərbaycan dövlətləri, tarixi şəxsiyyətləri, ölkəmizin adət və ənənələri haqqında danışıb, uşaq və yeniyetmələri müxtəlif guşə və eksponatlarla tanış edib.

Mədəniyyət Mərkəzinin böyük zalında davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, gələcəyimiz olan uşaqlara dövlətlərimizin göstərdiyi qayğı haqqında danışaraq, onları həyata keçirilən işlər və layihələr barədə məlumatlandırıb.

Nadir Əlimirzəyev Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəri, Qarabağ və Şərqi Zəngəzur regionunun erməni işğalından azad olunduqdan sonra geniş quruculuq və yenidənqurma işlərinə başlandığını vurğulayıb. O, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Şuşa ili” elan edildiyini qeyd edib və Şuşa şəhəri, onun mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb.

Sonra uşaqlara “Qarabağ atı” animasiya filmi özbək dilində təqdim olunub.

“Qarabağ atı” animasiya filmi 2020-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə dublyaj edilib. Sözügedən animasiya filmi Azərbaycanın “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Qarabağ atı” animasiya filmi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməklə yanaşı, onların Azərbaycanın Qarabağ bölgəsi haqqında biliklərini artırmaq məqsədini daşıyır.

Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzi adından uşaqlar və müəllimlər Azərbaycan və Özbəkistan milli təamlarına qonaq ediliblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki