Doğru.az xəbər verir ki, ölkənin aparıcı təhsil mütəxəssisləri, millət vəkilləri, ictimai xadimlər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən Təhsil və İnkişaf Forumu çərçivəsində təhsilin mövcud vəziyyəti və gələcək inkişaf strategiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forumun əsas məqsədi – təhsil və cəmiyyət arasında körpü rolunu oynayan, innovativ düşüncə və dəyərlər üzərində qurulmuş inkişaf modelini təşviq etmək olub. Təşkilatçılardan biri olan Aysel Məmmədova Doğru.az-a açıqlamasında bildirib ki, bu cür platformalar müxtəlif sahələrdən olan insanların bir araya gələrək ortaq məqsədlərə xidmət etməsinə imkan yaradır:
“Təhsil və İnkişaf Platforması olaraq biz yalnız akademik biliklərin ötürülməsi ilə kifayətlənmirik. Hədəfimiz – insanın fərdi bacarıqlarını inkişaf etdirmək, onun dünyagörüşünü, dəyərlərini və cəmiyyətə münasibətini pozitiv yöndə formalaşdırmaqdır.”
Forumda çıxış edən millət vəkili Elman Nəsirov ölkədə təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən danışaraq qeyd edib:
“Bilikli, vətənpərvər gənclər yetişdirmək Azərbaycanın davamlı inkişafı üçün vacib şərtdir. Təhsil güclü dövlətin təməlidir.”
Digər millət vəkili Azər Allahverənov isə təhsildə innovasiyaların əhəmiyyətinə diqqət çəkərək bildirib ki, sürətlə dəyişən texnoloji mühitdə müəllim-şagird münasibətləri də yenidən qurulmalıdır:
“Yeni çağırışlara uyğun olaraq təhsilin məzmunu və təqdimat forması yenilənməli, bütün sosial qruplar bu prosesə cəlb olunmalıdır.”
Qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsi məsələsinə isə Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva toxunub. Onun sözlərinə görə, qadınların iqtisadi və sosial aktivliyinin artırılmasında keyfiyyətli təhsil başlıca rol oynayır:
“Təhsil yalnız bilik deyil – qadının özünə güvənini və təşəbbüskarlığını da formalaşdırır. Bu istiqamətdə atılan addımlar daha da gücləndirilməlidir.”
Forum, təqdim olunan dəyərli təkliflər və məhsuldar dialoqlar fonunda təhsilin yeni inkişaf mərhələsinə keçid üçün mühüm platforma kimi yadda qaldı.
DOĞRU.AZ