Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatına əsasən, Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfərləri üçün icazə prosedurları sadələşdirilib.
Doğru.az xəbər verir ki, “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı vasitəsilə əldə edilən icazələrin müddəti 5 günədək artırılıb. İcazə bir sürücü və maksimum 9 nəfərlik heyət üçün keçərlidir. Bu qayda yalnız B kateqoriyasına uyğun, Azərbaycan qeydiyyatında olan fərdi minik avtomobillərinə şamil olunur.
Səfər edənlər portaldan mina təhlükəsizliyi və səfər qaydaları ilə tanış olmalı, həmçinin yolda onlara qoşulan şəxsləri də bu mövzularda maarifləndirməlidirlər. Azad edilmiş ərazilərə giriş zamanı yalnız müəyyən olunmuş marşrutla hərəkət edilməli, yolayrıcılarında diqqətli olunmalı və bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir.
Bundan başqa, “Yolumuz Qarabağa” portalı üzərindən səfər ediləcək bölgədə yerləşən hotel və digər yerləşmə məntəqələri barədə də ətraflı məlumat almaq mümkündür. Hotel rezervasiyası edən vətəndaşlar üçün giriş icazəsi ayrıca verilir.
DOĞRU.AZ