Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və dəstəyi ilə Azərbaycan gəncləri adından qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə marş bəstələnib. 44 günlük Vətən Müharibəsində Türkiyə dövlətinin və xalqının verdiyi dəstəyə minnətdarlıq etmək, qardaş ölkənin müstəqilliyinin 100-cü ildönümünü təbrik etmək məqsədilə Azərbaycan gəncləri adından “Türkiye 100” adlı marş ərsəyə gətirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, sözləri və musiqisi Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə tərəfindən yazılmış “Türkiye 100” adlı marşın klipinin çəkilişlərində şəhid övladları, qazilər, “Bənövşə” uşaq xoru, “Mezzo” orkestri və yüzlərlə gənc iştirak edib.
Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yetişən Azərbaycan gəncləri də hər zaman türk xalqı ilə qardaşlıq nümunəsi sərgiləyərək bu əlaqələrin daha da möhkəmlənməsinə öz dəstəyini göstəriblər. Siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və hərbi sahədə müttəfiq olan Azərbaycan-Türkiyə Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsində olduğu kimi kədərdə və sevincdə bir-birinin yanında olaraq milli birlik və bərabərlik göstərmişlər.
Azərbaycan gəncləri adından hazırlanmış “Türkiye 100” marşı Cümhuriyyətin Elanının 100-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda təqdim edilib.
DOĞRU.AZ