Rəşad Məcid: Müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.
Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüş keçirilib.
Bu barədə Mətbuat Şurasından məlumat verilib. Şura sədri Rəşad Məcid qardaş ölkənin ali səviyyəli diplomatik nümayəndəsini rəhbərlik etdiyi qurumla, onun beynəlxalq əlaqələri ilə bağlı məlumatlandırıb.
R.Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanın hər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsir göstərməsi sevindiricidir, bu amil gələcəyə daha nikbin baxmağa əsas yaradır. Sədr bu baxımdan diqqətçəkən cəhətlərdən söz açaraq vurğulayıb ki, müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.
Səfir Birol Akgün Türkiyənin media təcrübəsinə dair məlumatını bölüşüb. O, rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açaraq, media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı rola diqqət çəkib. B.Akgün, həmçinin ümumən səfirliyin ölkəmizin ictimai sektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinə dair baxışlarını açıqlayıb.
Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və başqaları iki ölkənin media orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinə yönələn təşəbbüslərini səsləndiriblər.
Toplantıda, həmçinin qarşılıqlı informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ