image-2000x150px
image-123
image-ads_atlas
image-11backend

Xalq şairi Balaş Azəroğlunun 100 illiyinə həsr olunan videokonfrans keçirilib – FOTO

image-728x90px

Görkəmli şairi, ədəbiyyatşünas alim, Xalq şairi Balaş Azəroğlunun (1921-2011) 100 illik yubileyi münasibətilə “Mən hicranla dolu ömür sürmüşəm” adlı videokonfrans keçirilib.

Konfransın moderatoru, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək bildirib ki, bu il Balaş Azəroğlunun anadan olmasının 100, vəfatının 10-cu, həmçinin şairin həyat Mədinə Gülgünün (1926-1991) anadan olmasının 95, vəfatının isə 30-cu ildönümüdür: “Adları çəkiləndə Güneyli-Quzeyli Azərbaycan yada düşən, öz yaradıcılıqlarında daha çox Vətəndən, xalqın azadlıq ruhundan yazan bu şairlərimizin ruhunu yad etmək vəfa borcudur”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Balaş Azəroğlu və onun ömür-gün yoldaşı Mədinə Gülgünün şeirlərini hələ uşaq vaxtlarından sevə-sevə oxuduğunu, ailəsində Güney Azərbaycanla bağlı ədəbiyyatın həmişə əziz tutulduğunu vurğulayıb: “Mən televiziyada işləyərkən Balaş Azəroğlu ilə dəfələrlə görüşüb müzakirələr aparmışam. Özəlliklə Güney Azərbaycan ədəbiyyatının, ədəbiyyatçılarının tarixi, gələcəyə baxışı haqqında ondan qiymətli fikirlər almışam. Balaş müəllim canlı ensiklopediya idi, xatirələri çox zəngin idi”.

Millət vəkili B.Azəroğlu və M.Gülgünün seçmə şeirlərindən ibarət kitabın hazırlanıb ölkəmizdə və Türkiyədə nəşr edilməsi təşəbbüsü ilə çıxış edib. O, həmçinin bu ilin dekabrında M.Gülgünün 95 illik yubileyinə həsr olunmuş konfransın da planlaşdırıldığını bildirib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli nazir Anar Kərimovun salamlarını konfrans iştirakçılarına çatdırıb. Şairin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşən şöbə müdiri qeyd edib ki, Balaş Azəroğlunun bədii irsində vətənpərvərlik mövzusu qırmızı xətlə keçir: “Əsərlərində Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizəni tərənnüm edən şair bu əqidəsinə hər zaman sadiq qalıb. Dilimizi dərindən duyan, onun bədii çalarlarına yaxşı bələd olan Balaş Azəroğlu yenilikçi ruhu ilə forma və məzmun baxımından ədəbiyyatımızı zənginləşdirib, xalqa bir daha sevdirib. Humanizm ideyalarının daşıyıcısı olan müəllifin yaradıcılığında bəşəriyyətin gələcək taleyi üçün dərin narahatlıq və məsuliyyət duyğusu da geniş əksini tapıb”.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qezet”in baş redaktoru Rəşad Məcid qurumun rəhbəri, Xalq yazıçısı Anarın salamlarını çatdırıb, Balaş Azəroğlu ilə bağlı xatirələrini danışıb, onun ədəbiyyatşünaslıq sahəsində xidmətlərini xatırladıb.

Xalq şairinin oğlu Etibar Abizadə, şair, ədəbiyyatşünas Təranə Turan Rəhimli, musiqişünas Maya Qafarova, “Vektor” nəşriyyatının rəhbəri Elcin İsgəndərzadə və başqaları Balaş Azəroğlunun gənc nəslə örnək həyat və yaradıcılığı haqqında mülahizələrini bölüşüblər.

Sonda Etibar Abizadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

DOĞRU.AZ

image-22 image-11-1 image-33

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki