Aprelin 10-da Ankarada “EkoAvrasiya” Fondu, “İpekyolu” İctimai Diplomatiya Təşkilatı və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Birliyi (TÜRKSİT) tərəfindən təşkil edilən “Türk Dünyası Vətəndaş Cəmiyyəti Konfransı” baş tutub.
Konfransda Azərbaycan-Türkiyə İş Adamları Birliyini təmsil edən İdarə Heyətinin üzvü Nigar Ələsgərova “Türk dünyasında vətəndaş cəmiyyəti institutlarının əhəmiyyəti və qurumlararası əlaqələrdə rolu” adlı paneldə çıxış edərək Türk dünyasının bir bütün halına gəlməsi, tarixinin öyrənilməsi və dəyərinin anlaşılması istiqamətində qeyri-hökumət təşkilatlarının üzərinə böyük bir vəzifə düşdüyünü qeyd edərək onların bu növ tədbirlərdən sonra qarşılarına ciddi hədəflər qoymalı olduqlarını vurğulayıb. “Dövlətlər arası əməkdaşlıq önəmli olduğu qədər, qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq da önəmlidir” deyə qeyd edən Nigar Ələsgərova artıq vətəndaş cəmiyyətinin liderliyində ortaq vizyonla hərəkət edən güclü bir Türk dünyası qurmağın zamanı olduğunu bildirib.
Türk dünyasında birliyin və qeyri-hökumət təşkilatlarının əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Dos.Dr.Tənzilə Rüstəmxanlı, Türkiyə Böyük Millət Məclisi Ankara millət vəkili Prof. Dr. Kürşad Zorlu, TBMM Nevşehir millət vəkili Prof. Dr. Filiz Kılıç, TBMM İstanbul millət vəkili, Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə Daxili İşlər Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə Əlaqələr Baş İdarəsinin nümayəndəsi Fəxrəddin Kaya, TÜRKSOY Baş katibinin müavini Sayot Yusuf, Dünya Ahısxa Türkləri Birliyinin Baş katibi Fuad Uçar, Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin Sədri Mükremin Şahin, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran, habelə digər ictimai-siyasi xadimlər iştirak ediblər.
DOĞRU.AZ