Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı və ulu öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş Prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb, eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.
Daha sonra yeni akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.
Ulu öndərin əziz xatirəsi yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni təntənəli şəkildə səsləndirildikdən sonra açılış nitqi ilə baş prokuror Kamran Əliyev çıxış edib.
O, dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. K.Əliyev yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.
Digər çıxışlardan sonra “Xalqın adamı” adlı sənədli film nümayiş olunub.
DOĞRU.AZ