image-2000x150px
image-123
image-ads_atlas
image-hakimbackend

Bakıda hindistanlı ilə bağlı hökm – İnternetə girə bilməz

image-728x90px

Bakıda Hindistan vətəndaşı “ASAN Viza” sisteminə müdaxilə edərək 27 min manat pul mənimsəyib.

“Qafqazinfo”nun məlumatına görə, 47 yaşlı Vişal Dansinqhanin 1 000-dən çox Hindistan və Pakistan vətəndaşı ilə bağlı onlayn sistemə saxta məlumatlar daxil edib.

Araşdırmalar zamanı məlum olub ki, o, başqa şəxslərə dair məlumatları autentik (həqiqi) kompüter məlumatları kimi istifadə etmək məqsədilə “ASAN Viza” sisteminin informasiya ehtiyatında kompüter məlumatlarını dəyişdirib. Belə ki, Azərbaycana səfər edən əcnəbilərin viza almaq üçün verdikləri məlumatları evisa.gov.az veb-ünvanına daxil olaraq “Düzəliş et” funksiyasından istifadə etməklə başqa şəxslərə dair məlumatlarla əvəz edib. O, əcnəbilər barədə maxinasiyalar etməklə sistemdə olan ilkin məlumatların autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olub.

Vişal Dansinqhanin barəsində Cinayət Məcəlləsinin 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) maddəsi ilə cinayət işi başlanıb. O, ifadəsində 2019-cu ilin sonlarında Azərbaycanda turizm şirkəti təsis etdiyini bildirib:

“2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar yollar bağlandığına görə şirkət fəaliyyət göstərə bilmədi. Şirkətə rəhbərlik etdiyim zaman vizaların əldə olunması və turistlərin yerləşdirilməsi ilə bağlı müəyyən təcrübə qazanmışdım. 2022-ci ilin martında “Salam Namaste” adlı restorana Pakistandan olan Anjum adlı əcnəbi nahar etmək üçün gəldi. Özünü biznesmen kimi təqdim edərək Azərbaycanda müxtəlif turizm şirkətlərində tanışlarının işlədiklərini bildirdi. İstənilən xarici ölkə vətəndaşları üçün dövlət rüsumundan daha ucuz “ASAN Viza” təşkil edə biləcəyini qeyd etdi. 26 dollarlıq rüsumu 22 dollara hazırlaya biləcəyini dedi. Martda Anjum təxminən 1 000 ədəd vizanı hər biri 22 yox, hətta 19 dollardan verdi. Daha sonra 8 nəfər, 58 nəfər və 22 nəfər olmaqla əcnəbilərə viza aldıq”.

Nərimanov Rayon Məhkəməsi işi araşdırdıqdan sonra Vişal Dansinqhaninə hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs doqquz ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bundan başqa, Vişala iki il müddətinə internetə daxil olmaq qadağan edilib. Ondan 27 208 manat tutularaq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilməsinə dair qərar çıxarılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki