“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.
Doğru.az xəbər verir ki, Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Konsepsiyanın 2026–2030-cu illər üzrə həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planının bəndləri ilə bağlı təklifləri hazırlayıb aidiyyəti dövlət qurumları ilə razılaşdıraraq Nazirlər Kabinetinə təqdim etməlidir.
Prosesə Ədliyyə, İqtisadiyyat, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA, eləcə də İçərişəhər və Şuşa Dövlət Qoruqları cəlb olunub. Elm və Təhsil Nazirliyi və AMEA da yarımbəndlər üzrə təkliflərini müəyyən edilmiş müddətdə hökumətə təqdim etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi üçün Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi modul yaradacaq. Monitorinq və qiymətləndirmə 2027-ci ildən illik əsasda aparılacaq.
Tədbirlər Planının icraçı qurumları məsul şəxsləri müəyyən edib illik hədəf indikatorlarını hazırlayacaq və layihələr üzrə məlumatları rüblük və illik olaraq elektron sistemə yerləşdirəcəklər. Konsepsiyanın icrasının əlaqələndirilməsi üçün Mədəniyyət Nazirliyi yanında İşçi qrup formalaşdırılacaq və ildə iki dəfə icra vəziyyəti müzakirə ediləcək.
Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihələrdə Maliyyə və İqtisadiyyat nazirlikləri xərclərin elektron sistemdə yerləşdirilməsini təmin edəcək. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə olunub.
DOĞRU.AZ




























